Leyla Xəlilova Rzazadə

Təhsil islahatlarının koordinasiyası sektorunun müdiri, Nazirliyin gender məsələləri üzrə məsul şəxsi

Elm və Təhsil Nazirliyi

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Artıq 10 ildir ki, təhsil sahəsində çalışıram. Demək olar ki, bütün peşəkar karyeram təhsillə bağlıdır. Mənim üçün iş yalnız karyerada yüksəlmək və ya həyatımı təmin etmək üçün vasitə deyil. Gördüyüm işin insanların həyatına toxunması, ölkənin gələcəyinə, uşaq və gənclərin inkişafına töhfə verəcəyinə inanmaq bu işi seçməyim üçün ən əsas səbəblərdir. Sevdiyim işlə məşğul olmaq məni xoşbəxt edir.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Əlbəttə, bir çox qadınların qarşılaşdığı maneələrlə həyatımın müxtəlif dönəmlərində mən də qarşılaşmışam. Şəxsi həyatını, təhsilini, peşəkar inkişafını və iş fəaliyyətini eyni zamanda həyata keçirmək istəyən hər bir qadın müəyyən çətinliklərlə qarşılaşır. Razılaşaq ki, təbiətən qadınların öhdəlikləri hər zaman daha çox olur. Lakin təbiət həm də qadına inanılmaz güc və inam verib. Bir qadın istəyərsə, aşa bilməyəcəyi maneə və öhdəsindən gələ bilməyəcəyi çətinlik yoxdur.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Məqsədlərim, sevdiklərim, inandığım dəyərlər və həmin dəyərləri bölüşdüyüm bütün insanlar.

Qadınlara məsləhətiniz

Siz düşündüyünüzdən çox daha yaxşısına layiqsiniz. İlk öncə ən yaxşısına layiq olduğunuza inanın, sonra isə ona nail olun. Öyrənməyi heç vaxt dayandırmayın, öz üzərinizdə işləməyə hər zaman davam edin, özünüzün ən yaxşı versiyası olana qədər özünüzü inkişaf etdirin. Sevin. İnsanları, canlıları, həyatı, özünüzü və bütün dünyanı sevin.