Məryəm Məcidova

Həmtəsisçi & İcraçı direktor

Gender Hub Azərbaycan

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Uşaqlıqdan gender stereotipləri ilə böyümüşəm. Atasız böyüyən bir uşaq olmuşam və bunun qırıqlığını həmişə daxildə hiss etmişəm. Lakin güclü xarakterim olub deyə, kiminsə məni əzməsinə imkan verməmişəm. Hər dəfə qazandığım uğurlarda bir çox insanların “görəsən bu kimin qızıdır, kimin tapşırığı və dəstəyi ilə bu qədər işi həll edə bilir“ demələri məni çox üzsə də, həm məktəb illərimdə, həm də sonrakı həyatımda əzmlə çalışmağıma və yüksək nəticələr əldə etməyimə, uğurlu olmağıma mane olmadı. 14 yaşımda hüquqşünas olmaq istəyirdim, məqsəd əslində gənclərə dəstək olmaq, onların hüquqlarını qorumaq və cəmiyyətdə səslərini daha yüksək çıxarmalarına dəstək olmaq idi. Bu istəyim və əzmim sayəsində mən 20 yaşımda Beynəlxalq Gənclər təşkilatının sədri seçildim, daha sonra NAYORA Milli Şurasının ilk qadın sədri oldum.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Gənclər Təşkilatlarının Milli Şurasında işləyərkən, çox çətinliklərlə və özümə qarşı neqativ fikirlərlə qarşılaşmışam. Bir çox insan düşünürdü ki, bu vəzifəyə tramplin kimi baxıram, dövlətdə vəzifə tutmaq üçün çalışıram. Lakin mənim əsas məqsədim qeyri-rəsmi metodlardan istifadə etməklə gənclərdə özlərinə güvən yaratmaq, onlara addımları üçün cəsarət vermək, özlərini daha rahat, təhlükəsiz və uğurlu hiss etmələri üçün dəstək olmaq olub.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

İnsan kimi desəm daha düzgün olar. Məni ilhamlandıran kiçik də olsa, həyatlara toxunmaq, ədalətə nail omaqdır. Xüsusilə gender əsaslı zorakılıqla mübarizədə, gənclərə dəstək və mentor ola bilirəmsə, bu məni xoşbəxt edir. Yeni təcrübə qazanmaq, özümdə olan stereotipləri qırmaq, səyahət etmək, müxtəlif komandalarda işləmək, dünyaya bir addımda yaxın olmaq və fərqliliyi dərk etmək məni çox ilhamlandırır.

Qadınlara məsləhətiniz

İmkan verməyin ki, cəmiyyətdə çox dərin iz qoymuş ”Sən qızsan, bacarmazsan”, ”Kişi kimi olma, incə ol”, ”Qız dözər və sakit olar”, ”Qız üçün ən yaxşı peşə müəllimlikdir və s.” kimi mental düşüncələr sizin seçimlərinizə təsir etsin.