Nigar Hümbətova

Cərrah- stomatoloq

ArsClinic, Moskva

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Hər kəsin bildiyi kimi həkimlik ixtisası böyük fədakarlıq və məsuliyyət tələb edir. Bunu tibb dünyasına daxil olduqdan sonra daha yaxşı anladım. Ancaq mənim fikrimcə, professional qabiliyyətdən, bilik, savad və mənəvi prinsiplərdən başqa həkimin sahib olması lazım olan ən önəmli şəxsi keyfiyyət mərhəmətdir. Bu nə deməkdir? Başqasının problemini özününkiləşdirmə bacarığı, kömək etmək və faydalı olmaq istəyi. Bu xüsusiyyətlər uşaqlıqdan mənə xas olduğuna görə daxili dünyama ən uyğun sənəti seçdim və heç də yanılmadım.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Qarşılaşdığım ən böyük çətinlik paralel olaraq həm çox oxumaq, həm də işləmək məcburiyyətində qalmağım idi. Böyük bir məsuliyyət daşıyırdım. Bir tərəfdən yaxşı həkim olmaq üçün oxuyub, çalışırdım, digər tərəfdən isə işləyib, özümü tam təmin edib, ayaqlarım üstündə durmağa çalışırdım. Tələbə yoldaşlarım bunu bacardığıma həmişə təəccüblənirdilər. İllərlə davam edən çətinliklərə baxmayaraq, uşaqlıq vaxtı ağlımda olan həkim obrazını özümdə canlandıra bilib, məqsədimə çatdığıma görə çox xoşbəxtəm.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Mənim üçün ən böyük ilham mənbəyi pasiyentlərimin minnətdarlığıdır. Onlar özlərindən sonra balaca uşaqlarının, doğmalarının sağlamlığını mənə ehtibar etdikdə doğru yolda olduğumu başa düşürəm. Onların gözündə nə qədər dəyərli, əhəmiyyətli olduğumu görməkdən gözəl heçnə yoxdur. Bu mənim daha irəli getməyimə və insanlara daha çox fayda verməyimə kömək edir.

Qadınlara məsləhətiniz

Sağlam bir cəmiyyət yaratmaq üçün ağıllı, savadlı, uğurlu qadınlar mümkün qədər çox olmalıdır. Çünki onlar dünyaya uşaq gətirib onun şəxsiyyət kimi formalaşmasında vacib rol oynayırlar. Buna görə bütün qadınlara məsləhət görürəm ki, təhsilinizə, dünyagörüşünüzə, inkişafınıza vaxt və vəsait ayırın. Mental və fiziki sağlamlığınıza diqqət edin. Dünyanı qadınlar xilas edəcək.