Nuranə Cəfərova

Kliniki sosial işçi

Swedish tibb mərkəzi

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Hər zaman başqalarına yardım edən, sosial ədalət üçün çalışan, azlıqların, qadınların səlahiyyətlərinin və uşaqların rifahının artırılmasına yönələn, cəmiyyət üçün faydalı olan bir peşədə çalışmaq istəmişəm. Hazırda gördüyüm iş də bütün bunları özündə cəmləyən bir peşədir.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Bu vəzifədə çalışmaq üçün sosial iş üzrə magistr dərəcəsi və fəaliyyət göstərəcəyin ştatda sosial iş lisenziyası tələb olunur. Təbii ki, gəldiyim sosial-iqtisadi profili və bir qadın olduğumu nəzərə alsaq, ABŞ-da bütün təhsil və yaşamaq xərclərimi qarşılayan təqaüdü almaq və ixtisasım üzrə ABŞ-ın ən yaxşı ikinci universtitetində təhsil almaq çox da asan olmadı. Bunun üçün ilk öncə bir qadın olaraq qarşıma qoyulan gender normalarını yıxmalıydım və illərlə bu imkan üçün mənə lazım olan bilik, təcrübə üçün çalışmalıydım. ABŞ-a gəldikdən sonra da immiqrasiya maneləri ilə qarşılaşmalı oldum.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Kişilərin dominant olduğu bir dünyada qadın olmaq özü həm çox çətin, həm də çox özəldir. Bərabər hüquqlarımız üçün çalışmaq, qadın həmrəyliyi, qadınların gücü və iradəsi məni hər gün ilhamlandıran məqamlardır. Ətrafımda məqsədlərə çatmış, xoşbəxt, özünəinamlı qadınları görmək məni ümidləndirir. Eyni zamanda, hazırda sosial, iqtisadi, siyasi səbəblərdən dolayı istədiyini əldə edə bilməsə də, bunu etməyə bacarığı, potensialı və əzmi olan qadınları görmək də məni ilhamlandırır.

Qadınlara məsləhətiniz

Hər zaman təhsilinizi, iqtisadi azadlığınızı birinci plana qoyun. Bu iki şeyi heç vaxt, heç kimə güzəştə getməyin. Bütün yaralarınıza, travmalarınıza rəğmən özünüzü sevməyi öyrənin, bu yaralardan sağalmaq üçün çalışın. Yaşadığınız çətinliklərin sizi ruhdan salmasına icazə verməyin, əksinə həmin çətinlikləri aşmaq, istədiyinizi həyatı yaşaya bilmək üçün motivasiyanızı qorumağa çalışın. 

Sizə yeridilməyə çalışılan bütün dəyərləri sorğu-sual etməkdən çəkinməyin. Sizə başqaları, cəmiyyət tərəfindən “uğur” adı altında təqdim olunan qəliblərə qarşı məsafəli qalmağa çalışın; özünüzü içərisində görmədiyiniz heç bir məqsəd uğrunda yormayın.