Xudayar Ağayarovun qrafik dizayn və reklam sahəsi ilə tanışlığı 2008-2009-cu illərə təsadüf edir. Yaxın dostlarından birinin bu sahədə fəaliyyəti onu reklam və dizayn sənayesi ilə maraqlanmağa təşviq edir. 2009-cu ildən etibarən Azərbaycanın bir sıra reklam və dizayn agentliklərində fəaliyyət göstərir və 2017-ci ildən etibarən bu günə kimi fəaliyyətini tam müstəqil şəkildə Ağayarov Büro olaraq davam etdirir. Dizayn fəaliyyəti boyu çox sayda Dövlət qurumları, özəl sektora məxsus startaplar, səhiyyə, sənaye, yerli və xarici biznes şirkətləri, müxtəlif tədbirlər, kafe və restoran sektoru üçün reklam və vizual kommunikasiya vasitələrini dizayn edib. Müxtəlif illərdə BP, Samsung, HP, Mobitel, Azercell, Bakcell, Azal Hava Yolları, Həyat Klinikası, Atəşgah Sığorta Şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi və s. kimi şirkətlərlə iş təcrübəsi var. Qrafik dizaynda konseptual düşüncəyə üstünlük verən Xudayarın bir sıra işləri Beynəlxalq dizayn festivallarında finalçılar və mükafatçılar arasında yer alıb, müxtəlif dizayn nəşrlərində paylaşılıb və çap edilibdir. Bu sahənin inkişafı üçün bir sıra Qrafik dizayn vebinarlarının təşkilatçısı və bloq yazarıdır.