Bir neçə il əvvəl ChatGPT-nin reklam platformasına çevriləcəyini desəydik, yəqin ki, çoxumuza tez görünərdi. Hətta Sam Altman özü də reklamla süni intellektin birləşməsinə kifayət qədər ehtiyatla yanaşırdı.
Amma rəqəmsal marketinqdə dəyişməyən bir qayda var: insanların diqqəti hara gedirsə, reklam büdcələri də gec-tez ora yönəlir.
İndi eyni prosesi ChatGPT-də görürük.
Konkret nə dəyişib?
OpenAI 2026-cı ilin fevralında ChatGPT daxilində reklam testlərinə başladı. Reklamlar cavabın altında yerləşən, aydın şəkildə “sponsorlu” kimi işarələnmiş ayrıca kart formasında göstərilir. Kartda reklamverənin adı, başlıq, qısa mətn, vizual və keçid linki yer alır.
Reklamlar hazırda Free və ChatGPT Go istifadəçilərinə göstərilə bilər. Plus, Pro, Business, Enterprise və Education planları isə reklamsızdır.
OpenAI bildirir ki, reklamlar ChatGPT-nin verdiyi cavaba təsir etmir. Yəni reklamverən cavabın daxilində daha üstün mövqe almaq üçün ödəniş etmir. Sponsorlu məzmun cavabdan vizual və sistem baxımından ayrıca saxlanılır.
Burada ən maraqlı tərəf reklamın necə seçilməsidir.
ChatGPT reklamları klassik axtarış reklamlarındakı yalnız açar söz məntiqi ilə işləmir. Sistem istifadəçinin həmin anda nə haqqında danışdığını, hansı niyyətlə sual verdiyini, reklamın məzmununu və reklamverənin təqdim etdiyi kontekst ipuclarını birlikdə nəzərə alır. Reklam fərdiləşdirilməsi aktivdirsə, istifadəçinin əvvəlki ChatGPT təcrübəsindən seçilmiş siqnallar da istifadə oluna bilər.
Məsələn, siz sadəcə “ayaqqabı” sözünü axtarmırsınız. Qaçış üçün hansı ayaqqabının daha uyğun olduğunu müqayisə edir, büdcənizi qeyd edir və konkret ehtiyacınızı izah edirsiniz. Reklam da məhz bu qərar kontekstinə uyğun göstərilə bilər.
Bu, reklamın artıq sadəcə axtarış sözünə deyil, istifadəçinin niyyətinə yaxınlaşması deməkdir.
Bu, sadəcə kiçik bir test deyil
ChatGPT reklamları əvvəlcə ABŞ-də istifadəyə verildi. Daha sonra Kanada, Avstraliya və Yeni Zelandiyada pilotlar başladı. 11 avqust 2026-cı ildə Böyük Britaniya, Meksika, Braziliya, Yaponiya və Cənubi Koreyaya genişləndi.
18 avqustda isə OpenAI reklamların daha 31 Avropa bazarına açıldığını elan etdi.
Platformanın texniki imkanları da sürətlə inkişaf edir. Artıq reklamverənlər üçün CPM və CPC modeli, konversiya optimizasiyası, coğrafi hədəfləmə, xüsusi auditoriyalar, Ads Manager, OpenAI Pixel və Conversions API kimi alətlər mövcuddur.
OpenAI-ın məlumatına görə, on minlərlə marketoloq artıq ChatGPT-də reklam yerləşdirib. Yəni qarşımızda sadəcə maraqlı bir eksperiment deyil, addım-addım formalaşan yeni reklam ekosistemi var.
Marketinq üçün əsas dəyişiklik nədir?
İnsanlar ChatGPT-yə yalnız məlumat almaq üçün daxil olmurlar. Məhsulları araşdırır, alternativləri müqayisə edir, üstünlükləri və çatışmazlıqları öyrənir, büdcəsinə uyğun seçim etməyə çalışır və qərar verir.
Google istifadəçinin aktiv axtarış etdiyi anda onun qarşısına çıxır.
Sosial media istifadəçidə maraq və tələbat yaradır.
ChatGPT isə getdikcə qərarın formalaşdığı söhbətin içində yer alır.
Marketoloqlar üçün əsas fürsət istifadəçiyə sadəcə diqqət mərhələsində deyil, seçimlərini dəyərləndirdiyi və qərara yaxınlaşdığı anda çatmaqdır.
Bəs SEO və Google reklamları artıq lazım deyil?
Tədris zamanı son aylarda mənə ən çox verilən suallardan biri budur:
“Hamı AI-a keçir. Mən hələ də SEO-ya və Google reklamlarına büdcə ayırmalıyam?”
Cavabım dəyişməyib: məsələ “ya biri, ya digəri” deyil.
Google Ads, SEO, sosial media və AI əsaslı görünürlük bir-birini əvəz edən deyil, tamamlayan kanallardır. İstifadəçi bir məhsulu sosial mediada görə, Google-da araşdıra, ChatGPT-də müqayisə edə və sonda brendin saytında alışını tamamlaya bilər.
Əsas dəyişiklik istifadəçi yolunun daha da parçalanmasıdır.
Üstəlik, AI daxilində artıq iki fərqli görünürlük forması yaranıb:
Birincisi, organik görünürlükdür. Yəni ChatGPT və digər AI sistemləri istifadəçinin sualına cavab verərkən sizin brendinizi, saytınızı və ya kontentinizi mənbə kimi nəzərə alır.
İkincisi isə ödənişli görünürlükdür. Yəni brend uyğun söhbət və qərar anlarında sponsorlu reklamla istifadəçinin qarşısına çıxır.
Organik görünürlük üçün keyfiyyətli və etibarlı kontent, texniki əlçatanlıq, düzgün struktur və güclü brend siqnalları lazımdır. Ödənişli görünürlük isə kreativ, hədəfləmə, təklif, ölçmə və optimizasiya bacarıqları tələb edir.
Brendlər bu gün nə etməlidir?
AI görünürlük auditi aparın
ChatGPT-də yalnız brendinizin adını yazmaqla kifayətlənməyin. Müştərinizin verə biləcəyi real sualları yoxlayın:
“Bu kateqoriyada hansı brendləri müqayisə etməliyəm?”
“Yeni başlayan biri üçün ən uyğun seçim hansıdır?”
“Bu məhsulu alarkən nələrə diqqət etməliyəm?”
Cavablarda sizin brendiniz görünürmü? Hansı rəqiblər göstərilir? AI hansı mənbələrə istinad edir? Sizin haqqınızda verdiyi məlumat doğrudurmu?
Bu, AI görünürlüyü üçün aparacağınız ilk real auditdir.
Kontentinizi yalnız Google üçün hazırlamayın
AI sistemləri aydın, konkret və yaxşı strukturlaşdırılmış kontenti daha rahat anlayır.
Saytınızdakı mətnlər real suallara cavab verməli, xidmət və məhsul məlumatları aydın təqdim olunmalı, müqayisələr, tez-tez verilən suallar, real nəticələr və müştəri təcrübələri əlçatan olmalıdır.
Məqsəd sadəcə açar sözü mətndə təkrarlamaq deyil. Məqsəd istifadəçinin sualına həqiqətən faydalı cavab verməkdir.
Reklam platformasını erkən öyrənin
ChatGPT Ads bütün bazarlarda eyni səviyyədə əlçatan olmasa da, platformanın necə işlədiyini indidən öyrənmək lazımdır.
Reklam formatlarını, kontekst əsaslı uyğunlaşdırmanı, CPC və CPM modellərini, məhsul lentlərini və konversiya optimizasiyasını izləyin. Yeni kanal yerli bazara açıldıqdan sonra öyrənməyə başlamaq artıq gec ola bilər.
Erkən üstünlük həmişə daha çox pul xərcləməkdən gəlmir. Bəzən sadəcə digərlərindən tez öyrənmək kifayətdir.
Ölçmə sisteminizi hazırlayın
OpenAI fərdi söhbətləri, istifadəçinin yaddaşını və şəxsi məlumatlarını reklamverənlərlə paylaşmır. Reklamverənlər kampaniyanın baxış, klik və konversiya kimi ümumiləşdirilmiş nəticələrini görürlər.
Buna görə ölçmə modelində yalnız platformanın hesabatına güvənmək düzgün olmaz. UTM strukturu, GA4, CRM məlumatları, OpenAI Pixel və Conversions API birlikdə düşünülməlidir.
Əsas sual “neçə klik aldıq?” deyil, “bu kanal real biznes nəticəsinə necə təsir etdi?” olmalıdır.
Mənim əsas nəticəm
ChatGPT artıq yalnız suallara cavab verən AI aləti deyil. O, insanların araşdırdığı, müqayisə etdiyi və qərar verdiyi yeni rəqəmsal mühitdir.
İndi həmin mühitdə reklam da var.
Bu, Google Ads-in sonu deyil. SEO-nun da sonu deyil. Əksinə, onun transformasiyasıdır.