Bir öncəki məqaləm dizayner axtarışında olan insanların necə davranmaları haqqında idi. Adı çəkilən məqalədən sonra ətrafımda olan bir neçə insandan əks cəbhədəki situasiya haqqında da yazmalı olduğum söylənildi. Təcrübəmə əsasən və son zamanlar getdikcə artan problemləri araşdıraraq yazmağı qərara aldım. Amma bundan əvvəl bir məqamı diqqətinizə çatdırmaq istərdim. Bəzi insanlar yazdığım məqalələrdə daha çox yaradıcı peşə sahiblərinin tərəfində olduğumu qeyd edirlər. Burada bir məqam var. Mən dizaynerəm və dizaynerlərin tərəfində olmağım da çox təbii haldır. Və diqqət etdiyiniz kimi yazdığım məqlalələr bu insanların ətrafında baş verən problemlərə və onların həll yollarına yönləndirilib. Dizayner olsam belə, hər iki cəbhədə problem var deyib və onun həll yolunu göstərməyə çalışıram. Məncə tənqidi görüb qəbul etmək istənilən cəmiyyətin inkişafına gətirib çıxarır. Təbii ki, tənqid əsaslı tənqid olmalıdır. Keçək əsas məsələyə.
Qeyd: Sadalayacağım məqamların bəziləri yeni başlayanlara, digərləri isə təcrübəlilərə aiddir. Çünki əsas problemlər yeni başlayanlarla olsa da, müəyyən qədər təcrübəsi olanlarda da vəziyyət tam yaxşı deyil.Bazarda dizaynerlər çoxdur.
Bilik və bacarıq səviyyələri də müxtəlifdir. Bu rəqabətin içində iş tapmaq getdikcə çətinləşir. Bu isə fikrimcə çox yaxşı haldır. Bu gedişlə ümid edirəm bazarda güclülər qalacaq.
Bazarda dizaynerlər çoxdur. Bilik və bacarıq səviyyələri də müxtəlifdir. Bu rəqabətin içində iş tapmaq getdikcə çətinləşir. Bu isə fikrimcə çox yaxşı haldır. Bu gedişlə ümid edirəm bazarda güclülər qalacaq.
Bəs dizaynerin iş axtarma prosesi necə başlamalıdır, müraciət necə və hansı şəkildə olmalıdır, işə düzəldikdən sonra necə davranmalıdır? Bu sualların bir-bir üzərindən keçək.
Yeni tədrisini bitirmiş dizayner özünə uyğun iş tapmaq ümidilə bazara atılır. Prosesi mərhələli şəkildə nəzərdən keçirək.
- Dizayner təhsilini bitirdikdən sonra özünə uyğun iş axtarmağa başlayır. Diqqət burada açar kəlmə “özünə uyğun” kəlməsidir. Yəni nəzərə alın ki, siz dizayn üzrə təhsil alsanız belə, tədrisi bitirdikdən sonra hazır dizayner sayılmırsınız. Bunun üçün təcrübə lazımdır. Ona görə də aşırı özgüvəninizi bir kənara qoyub, özünüzü təcrübəli kimi göstərməyə çalışmayın, çalışın iş seçimi etməyəsiniz və kosmik məbləğdə əmək haqqı tələb etməyin.
- Dizayner CV-si özünəməxsus, yaradıcı olmalıdır deyib sənədi lazımsız dizaynla tərtib etməyin. CV elə tərtib edilməlidir ki, orada olan informasiya aydın oxunulsun və dərk edilsin. Bizim sahədə sənədi əlinə alan insana ən əsası iş təcrübəsi, proyekt və müştəri portfeli maraqlıdır. Digər informasiyalar ikinci dərəcəlidir. Sənədinizi dizayn ağırlıqlı deyil, informasiya ağırlıqlı edin. Sadə, informativ və oxunaqlı. Burada əsas güc fontlarla işləməyin üzərinə düşür. Şəklinizə qalanda çalışın bu məqama da ciddi yanaşın. Təbiətdə göl qırağında, bahalı maşına söykənmiş halda, əlində şərab qədəhi, manipulasiyaya uğramış (beynindən sahəyə xas alətlərin çıxması) şəkillərinizi sosial media üçün saxlasaz daha yaxşı olar. Şəklinizi sadə fonda, səliqəli, üzünüz aydın göründüyü şəkildə çəkdirin. Əgər bir səliqəsizlik varsa o zaman dizaynerlik qabiliyyətinizi işə sala bilərsiniz. İstənilən halda elə edin ki, sizi müsahibəyə çağıran insan şok yaşamasın.
- Linkedin və digər platformalarda iş axtarışındayam elanını verdikdə diqqətli olun. Maksimum ciddi yanaşın. Zarafata yer verməyin. Şəklinizi manipulasiya edib post etməyin. İşə götürən insana ilk öncə siz yox, sizin işlədiyiniz yerlər və proyektləriniz maraqlıdır. Özünüzü aşırı sevə bilərsiniz amma bu sizin istədiyiniz işi tapmağınıza yardımçı olmayacaq. Əgər elanı daha da maraqlı etmək istəyirsinizsə öz işlərinizdən “Showreel“ düzəldib bu formada post edin. Animasiya formatı hər zaman daha diqqətçəkən olur. Post mətnində isə özünüz haqqında qısa informasiya yerləşdirin və lazım gəldiyi halda CV-nizi link şəklində əlavə edin. Bir şeyi də nəzərə alın ki, Linkedin platformasının özünüz, bacarıqlarınız, təcrübəniz haqqında olan hissəsini doldursanız əlavə CV yükləməyə ehtiyac olmur.
- İşə götürənin elektron ünvanına CV göndərərkən, məktubu boş saxlamayın. İlk öncə məktubun başlığını düzgün qeyd edin. Məsələn: Qrafik dizayner. Şirkət eyni zamanda bir neçə vakansiya üzrə elan yerləşdirə bilər. Bu cür yazdıqda məktubunuzu işəgötürənlər daha aydın şəkildə sortlaşdıra bilir. Məktubu göndərərkən ilk öncə salamlaşın. Şirkətdə çalışmağa maraqlı olduğunuzu qeyd edin və özünüz haqqında qısa informasiya yazın. Sonda isə sənədinizi bərkidib bu şəkildə göndərin.
- Bilik və təcrübənizin nə dərəcədə olmağından asılı olmayaraq işə alındıqdan əvvəl sizə verilən texniki və ya yaradıcı tapşırığın yerinə yetirilməsini normal qəbul edin. Sizə tapşırıq verən şirkətin məqsədlərini anlamağa çalışın. Çox zaman təcrübəli dizaynerlər bu məsələyə normal yanaşmır və tapşırığı etməyi özünə yaraşdırmır. Yaddan çıxarmayın ki, təcrübəli dizaynersinizsə sizə verilən tapşırıqda qarşı tərəfə sizin yanaşmanız maraqlıdır.
- Müsahibə zamanı proyektlərinizi göstərərkən onlar haqqında ətraflı məlumat verin. Hansı şirkətlərdə nə iş gördüyünüzü, hansı proyektlərini yerinə yetirdiyinizi ətraflı şəkildə izah edin. CV-də qeyd edilən məqamların sizə təkrarən sual verilməsinə normal yanaşın. Çünki müsahibədə sizin kommunikasiya bacarıqlarınız da yoxlanılır. Əmək haqqı gözləntisini səsləndirməkdə sərtbəstsiniz. Amma məsləhətdir ki, müsahibədən öncə bacarıqlarınız, təcrübəniz, müştəri və proyekt portfelinizi, bazarda olan şəraiti bir daha nəzərdən keçirəsiniz. Özünüz haqqında nə qədər yüksək fikirdə olmağınıza baxmayaraq bazarın da öz reallığı var. Kosmik rəqəmlərə qaçmayın. Sizi işə götürən insan da bazarda olan vəziyyəti bilir. Bir də əmək haqqını dəqiq səsləndirin.
İşə uğurla qəbul olduqdan sonra sizin karyeranıza start verilir. Sınaq müddətini keçdikdən və şirkətinizin uğurlu layihələrində bir töhvəniz olduqdan sonra özünüzlə fəxr edə və haqqlı olaraq Dizaynerəm deyə bilərsiniz.
İş həyatında da bilməli olduğunuz məqamlar var. Bu məqamlara isə növbəti məqalələrimdən birində toxunacam.
Sağlam və yaradıcı qalmaq ümidilə.
Fərid Rzazadə