Bloq / Proqramlaşdırma / JavaScript-in üstünlükləri

JavaScript-in üstünlükləri

JavaScript, front-end proqramlaşdırma sahəsində istifadəsi asan, müxtəlif üsullarla kod yazmağa imkan verən dildir. O, əsasən veb səhifələri interaktiv etmək üçün yaradılıb. JavaScript, məlumatları hesablaya, dəyişdirə və yoxlaya bilir. Bu dildə yazılmış proqramlara skript deyilir. Skriptlər adi mətn formatındadır və onları işə salmaq üçün xüsusi hazırlığa ehtiyac yoxdur. 

JavaScript yaradıldığı zaman “LiveScript” adlandırılmışdı. Lakin həmin dövrdə Java dili proqramlaşdırma sahəsində çox məşhur olduğu üçün, adı “JavaScript” olaraq dəyişdirildi. Zamanla JavaScript proqramlaşdırma sahəsində müstəqil və tam funksional dilə çevrildi. O, həm front-end, həm də back-end proqramlaşdırmada istifadə oluna bilər. HTML ilə inteqrasiya olunduğuna görə istifadəsi olduqca rahatdır. Bu səbəbdən də statik veb səhifəni interaktiv formaya çevirməyi asanlaşdırır. Başqa sözlə, JavaScript veb səhifələrə davranış əlavə edir. 

Niyə JavaScript öyrənməli?

Front-end proqramlaşdırma sahəsində JavaScript öyrənmək üçün əsas səbəblər bunlardır:

  • Yeni başlayanlar üçün uyğundur – Bütün müasir brauzerlərdə artıq quraşdırılmış formada gəlir. Chrome və Mozilla Firefox kimi brauzerlər vasitəsilə əlavə mühit qurulmadan öyrənilə bilər.
  • Asan və sürətlidir – Onun vasitəsilə daha sürətli və responsiv saytlar yaratmaq mümkündür. Hazır framework və kitabxanalar proqramlaşdırma müddətini qısaldır.
  • Çox yönümlü dildir – həm front-end, həm də back-end proqramlaşdırmada istifadə oluna bilər. Proqramlaşdırma sahəsində JavaScript artıq mobil tətbiqlər, masaüstü proqramlar və oyun yaradılmasında da geniş istifadə olunur. 

JavaScript-in Bəzi Üstünlükləri 

  • Server yüklənməsini azaldır: Məlumatı serverə göndərməzdən əvvəl istifadəçi girişini yoxlamağa imkan verir. 
  • Əlçatanlıq və uyğunluq: JavaScript istənilən veb səhifəyə inteqrasiya oluna bilər. 
  • İstifadəçiyə dərhal geridönüş: İstifadəçi hər hansı səhvi etdikdə səhifə yenilənmədən xəbərdarlıq ala bilər.
  • Çeviklik və zənginlik:  Angular, React, Svelte kimi müxtəlif framework-lər proqramların funksionallığını artırır.
  • İnteraktivlik: Maus üzərinə gəldikdə və ya klik zamanı müxtəlif vizual dəyişikliklər etmək mümkündür. 
  • Zəngin interfeys: Drag-and-drop funksiyası, slayderlər kimi vizual elementlər əlavə edilə bilər. 

JavaScript-in İstifadə Sahələri

1. Veb səhifələrə interaktivlik əlavə etmək

JavaScript istifadəçilərin veb səhifələrlə qarşılıqlı əlaqə qurmasına imkan verir. Səhifəyə dinamiklik və vizual effektlər əlavə etməyə şərait yaradır. Onun vasitəsilə veb səhifədə aşağıdakıları edə bilərsiniz: 

  • Bir düyməyə klikləməklə əlavə məlumatın göstərilməsi və ya gizlədilməsi
  • Maus ilə elementin üzərinə gəldikdə onun rənginin dəyişdirilməsi
  • Şəklin üzərində zoom effekti
  • Drop-down menu istifadə etmək 

2. Veb və mobil tətbiqlərin yaradılması

JavaScript müxtəlif framework vasitəsilə veb və mobil tətbiqlərin hazırlanmasında geniş istifadə olunur. Mobil tətbiqlər üçün ən məşhur JavaScript framework-ü React Native-dir.
Veb tətbiqlər üçün isə Angular və Vue.js geniş istifadə olunur. LinkedIn, Netflix, Uber-in tətbiqləri bu texnologiyalarla hazırlanıb.

3. Oyun inkişafı

JavaScript brauzer əsaslı oyunların yaradılmasında da istifadə olunur. Xüsusilə HTML5 ilə birlikdə işlədikdə, daha interaktiv və vizual cəhətdən zəngin oyunlar yaratmaq mümkün olur. Bunun üçün 2D və 3D oyun inkişafını dəstəkləyən bir çox kitabxana və framework-lər  (məsələn, Phaser, Three.js) mövcuddur. 

4. HTML səhifələrin manipulyasiyası

Onun vasitəsilə səhifəyə yeni elementlər əlavə etmək, mövcud olanları silmək, fərqli cihazlara uyğun dizayn dəyişiklikləri etmək mümkündür.

5. İstifadəçi bildirişləri

JavaScript vasitəsilə istifadəçilərə dinamik pop-up bildirişlər göstərilə bilər. Bu bildirişlər saytın istifadəçi təcrübəsini daha da yaxşılaşdırır. 

6. Arxa planda məlumatların yüklənməsi

AJAX texnologiyası JavaScript vasitəsilə istifadəçinin saytda başqa əməliyyatlar etdiyi zaman arxa planda məlumatların yüklənməsinə imkan verir. Bu xüsusiyyət veb saytın daha sürətli işləməsinə imkan verir. 

Proqramlaşdırma sahəsində JavaScript əsasən veb inkişaf üçün nəzərdə tutulmuş texnologiya olsa da, bununla məhdudlaşmır. O həm funksional baxımdan zəngin, həm də öyrənilməsi daha asan dildir. Bu xüsusiyyətlərinə görə veb inkişafda ən çox tələb görən proqramlaşdırma dillərindən biridir.