Bloq / Yeniliklər / Proqramlaşdırma üzrə remote iş imkanları

Proqramlaşdırma üzrə remote iş imkanları

Texnologiyanın inkişafı iş dünyasını mühüm şəkildə dəyişib. Artıq bir çox sektorda ənənəvi ofis mühitinin yerini daha çox uzaqdan (remote) iş modelləri tutur. Xüsusilə proqramlaşdırma kimi digital sahələrdə bu dəyişiklik daha sürətli formada baş verir. Artıq dünyanın istənilən yerində yaşayan developer-lər beynəlxalq layihələrdə iştirak edə, qlobal komandaların üzvü ola və yerli bazarla məhdudlaşmadan karyeralarını qura bilirlər. 

Bir çox şirkətlər üçün proqramlaşdırma üzrə remote iş effektivliyin düşməsinə deyil, əksinə, artmasına səbəb oldu. Proqramlaşdırma sahəsində çalışan mütəxəssislər üçün bu çevik model daha çox imkanlar yaradır. Xüsusilə texnoloji və startap mühitlərində uzaqdan işləyən komandalar ənənəvi ofisləri geridə qoydu. 

Proqramlaşdırma sahəsində remote işin üstünlükləri

  1. Məkan sərbəstliyi – Harada yaşamağından asılı olmayaraq, dünyanın müxtəlif nöqtələrində həyata keçirilən yüksək səviyyəli proqramlaşdırma layihələrində iştirak etmək mümkündür.
  2. Daha yüksək maaş imkanları – Remote iş rejimində əməkhaqqı adətən yerli bazar deyil, beynəlxalq standartlara əsaslanır. 
  3. Fərqli komandalarla iş təcrübəsi – Müxtəlif ölkələrdən olan mütəxəssislərlə işləmək, yeni yanaşmalar öyrənməyə şərait yaradır.
  4. Vaxt idarəsi – Remote işlərdə çox zaman elastik iş qrafiki olduğuna görə əməkdaşlar üçün şəxsi həyat və iş balansını qorumağa imkan verir. 

Glassdoor platformasının məlumatlarına əsasən, proqramlaşdırma üzrə remote işləyənlərin illik ortalama gəliri $110,750 təşkil edir. Avropada remote developer-lərin illik orta maaşı isə təxminən $117,218 təşkil edir. Həmçinin Avropa üzrə ümumilikdə işçilərin 22%-i tamamilə remote, 17%-i isə hibrid (qarışıq) rejimdə çalışır. Böyük Britaniyada texnologiya sahəsində remote işlərin payı 35%, Almaniyada isə 26% təşkil edir. (NextlevelJobs.eu)

Proqramlaşdırma üzrə remote işləmək bacarıqla yanaşı məsuliyyət tələb edir. Əlavə olaraq, xarici dil (xüsusilə ingilis dili) bilikləri çox önəmlidir. Remote iş mühitində uğur qazanmaq üçün vaxtın düzgün idarə olunması və kommunikasiya alətlərinin səmərəli istifadə də böyük rol oynayır. 

Proqramlaşdırma sahəsi üçün remote iş platformaları

1. Upwork

Frilans bazarının ən böyük platformalarından biridir. Proqramlaşdırmadan dizayna qədər bir çox sahədə iş imkanları təklif edir. Xüsusilə yeni başlayanlar üçün çoxsaylı layihələrlə təcrübə qazanmaq üçün əlverişlidir.

2. Toptal

Texniki bilikləri və portfoliosu güclü olanlar, Toptal-da yüksək maaşlı və prestijli layihələrdə iştirak etmək mümkündür, çünki platforma yalnız yüksək səviyyəli mütəxəssisləri qəbul edir.

3. We Work Remotely

Xüsusilə texnologiya sahəsində ixtisaslaşmış remote iş platformasıdır. Proqramlaşdırma üzrə vakansiyalar burada sıx şəkildə paylaşılır. 

4. GitHub Jobs

GitHub iş elanları ilə də proqramlaşdırma üzrə mütəxəssilər üçün maraqlı imkanlar təqdim edir. Açıq kod layihələrinə marağı olanlar üçün daha uyğun platformadır.

5. Remote OK

Proqramlaşdırma və digər texniki sahələrdə iş elanları təqdim edir. Sadə interfeysi ilə istənilən işi tez tapmağa kömək edir. 

6. Stack Overflow Jobs (Stack Overflow Talent)

Proqramlaşdırma sahəsi üçün tanınmış bir mənbədir. Burada həm remote, həm də hibrid vakansiyalar paylaşılır. Texniki testlər və detallı elanlar ilə seçilir.

7. Freelancer.com

Qısa və ya uzunmüddətli layihələr üçün proqramlaşdırma sahəsinə uyğun işçi axtaran minlərlə müştəriyə çıxış imkanı verir. 

8. AngelList Talent 

Startaplar üçün ən ideal platformalardan biridir. Burada bir çox yeni şirkətlər proqramlaşdırma mütəxəssisləri axtarır və remote iş imkanı geniş şəkildə təqdim olunur. 

9. RemoteLeads.io

Yeni və təzə remote layihələr haqqında gündəlik məlumat verən bir xidmətdir. Proqramlaşdırma sahəsində frilans və full-time remote layihə axtaran biri üçün rahatdır. 

10. Arc.dev 

Yüksək bacarıq və təcrübəyə malik developer-ləri remote işlərlə birləşdirən platformadır. Müsahibə mərhələsindən keçmək çətindir, lakin bir dəfə qəbul olunduqdan sonra stabil təkliflər gəlir.

Bu platformalar vasitəsilə proqramlaşdırma üzrə bacarıqları real layihələrdə tətbiq etməklə həm gəlir əldə etmək, həm də portfolionu genişləndirmək mümkündür.

Proqramlaşdırma sahəsi üçün davamlı olaraq öyrənmək, texnoloji yenilikləri izləmək uğurlu olmaq üçün əsas yoldur. Bu sahə üzrə biliklərini qlobal səviyyədə dəyərləndirmək istəyənlər üçün, remote iş modeli ideal başlanğıcdır.