Qrafik dizayn dünyası hər gün yenilənən, yeni tendensiyalar və texnologiyalarla inkişaf edən bir sahədir. Amma hər nə qədər alətlər dəyişsə də, dizaynerlərin etdiyi tipik səhvlər uzun illərdir demək olar ki, eyni qalır. Bu səhvlər həm portfolionun keyfiyyətinə, həm dizaynerin bazar dəyərinə, həm də müştəri münasibətlərinə təsir edir. Dünyadakı dizayn akademiyalarının, agentliklərin və peşəkar dizaynerlərin təcrübələri göstərir ki, uğurlu karyera yalnız yaradıcılığa deyil, həmçinin düzgün iş prosesinə, strategiyaya və peşəkar vərdişlərə əsaslanır.
1. Kompozisiya prinsiplərini yetərincə anlamamaq
Yeni başlayan dizaynerlərin ən çox çətinlik çəkdiyi mövzulardan biri məhz kompozisiyadır. Xarici dizayn tədrislərində, xüsusilə Gestalt prinsipləri və Swiss Style təlimlərində vurğulanır ki, kompozisiya sadəcə elementlərin səliqəli düzülməsi deyil.
Kompozisiya öyrənilmədikdə dizaynlar “dolğun”, “qarışıq”, “təhlükəli dərəcədə boş” və ya “oxunmayan” görünür. Müştəri nə qədər yaxşı brif versə də, kompozisiya prinsipləri olmadan həmin ideyanı effektiv vizuala çevirmək olmur.
2. Şrift seçiminin səhv edilməsi və tipokrafiyanın nəzərə alınmaması
Tipokrafiya dizaynın “səssiz danışığı”dır. Bir şriftin seçimi brendin xarakterini tam dəyişə bilər. Baxmayaraq, yeni dizaynerlər çox zaman ya çox şrift istifadə edir, ya da yan yana uyğun gəlməyən fontlar seçirlər. Xarici resurslarda göstərilir ki, uğurlu dizaynların böyük hissəsi maksimum iki şrift ailəsi üzərində qurulur: başlıq + mətn.
Tipokrafiyanın səhv istifadəsi informasiyanın oxunaqlığını, dizaynın harmoniyasını və mesajın gücünü zəiflədir. Məsələn, sosial media postlarında sıx, çox nazik və ya yüksək kontrastlı serif fontlar mobil ekranlarda çətin oxunur. Buna görə də dizayner yalnız “bəyənilən şrifti” yox, funksional şrift seçimini də nəzərə almalıdır.
3. Rəng nəzəriyyəsini nəzərə almamaq və təsadüfi rəng istifadəsi
Dünyada olan böyük dizayn agentlikləri rənglərin psixologiyasına və brend təsirinə xüsusi diqqət ayırırlar. Rənglər yalnız estetik element deyil, insan beynində emosional reaksiyalar yaradır. Yeni başlayan dizaynerlərin tez-tez etdiyi səhv isə rəngi yalnız “gözə xoş gələn çalar” kimi görməkdir.
Əgər dizaynın məqsədi satışdırsa, səhv rəng seçimi konversiyanı belə azalda bilir. Təcrübəli dizaynerlər rəng palitrasını həmişə brend xarakteri, hədəf auditoriya və platformaya uyğun seçirlər.

4. Dizaynı “bəzək” kimi görmək və kommunikasiya məqsədini unudmaq
Bir çox dizayner ilk illərində dizayna vizual sənət kimi yanaşır. Halbuki qrafik dizayn kommunikasiyadır. Onun əsas funksiyası informasiyanı ən aydın formada çatdırmaqdır.
Dizayner yalnız gözəl poster hazırlamaqla işini bitmiş hesab etməməlidir. O, sual verməlidir:
- Bu dizayn kim üçündür?
- Məqsəd nədir?
- Oxu ardıcıllığı düzgündürmü?
Xarici kommunikasiya agentlikləri dizaynerləri ilk dərsdən öyrədir ki, vizual mesaj mətni tamamlamalıdır, qarşı tərəfi çaşdırmamalıdır. Bu, hər dizaynın öz əsaslandırmasını tələb edir.
5. Dizaynda fokusun olmaması
Yeni dizaynerlər çox zaman belə düşünür: “Çox şey bacarsam, daha çox iş alaram.” Amma real bazar bunun əksini göstərir. Upwork, Fiverr, Dribbble kimi peşəkar platformalarda ixtisaslaşmış dizaynerlər daha çox tapılır və daha yüksək qiymət ala bilir.
Loqo, sosial media, UI/UX, poster, brend kimliyi, illüstrasiya, hamısı fərqli ixtisaslardır. Hərəsinə eyni anda fokuslanmaq nə keyfiyyət verir, nə də portfolionu gücləndirir. Dünyada məşhur dizaynerlərin portfoliolarına baxanda görmək olur ki, onların əksəriyyəti bir və ya iki sahə üzrə ixtisaslaşıb. Peşəkarlaşma həm iş keyfiyyətini artırır, həm də müştəriyə “bu sahənin mütəxəssisi” kimi görünməsini təmin edir.
6. Portfolionun səliqəsiz və izahsız təqdim edilməsi
Portfolio dizaynerin CV-si deyil, dizaynerin bacarıqlarını nümayiş etdirdiyi sərgisidir. Burada müştəri sənin düşüncə tərzini, problemləri necə həll etdiyini və üslubunu görməlidir. Xarici dizayn mentorları deyir ki, “formatlaşdırılmamış portfolio dizaynerin potensialını 50% az göstərir”.
Ən böyük səhvlərdən biri:
- izahsız işlər,
- çoxsaylı, amma keyfiyyətsiz layihələr,
- müxtəlif üslub və yanaşmaların qarışıq görünməsi,
- mockup-a həddən artıq güvənmə.
Peşəkar portfolio həmişə az, amma keyfiyyətli işlərdən ibarət olur.
7. Mockup-dan düzgün istifadə etməmək
Mockup dizaynın təqdimatı üçün ən güclü vasitələrdən biridir. Lakin yeni başlayan dizaynerlərin böyük hissəsi onu səhv istifadə edir. Mockup-un əsas funksiyası dizaynı daha “gözəl göstərmək” deyil, onun real həyatda necə işləyəcəyini nümayiş etdirməkdir. Bu fərqi düzgün anlamamaq tez-tez peşəkar olmayan görüntü yaradır.
Digər səhv mockup-u həddindən artıq effektli seçməkdir. Çox parıltılı, real olmayan 3D mockuplar dizaynı daha yaxşı yox, sadəcə diqqəti əsas işdən yayındırır. Peşəkar agentliklər hər zaman sadə, minimal və dizaynı önə çıxaran mockupları üstün tutur.
8. Texniki standartlara fikir verməmək
Düzgün dizayn edilmiş iş belə yanlış texnika ilə hazırlanırsa, tamamilə dəyərini itirə bilər. Xüsusilə çap materiallarında bunun riski daha yüksəkdir. CMYK əvəzinə RGB hazırlanan fayllar, bleed-in qoyulmaması, aşağı keyfiyyətli PDF, düzgün formatda export edilməməsi müştəri şikayətlərinin böyük hissəsini təşkil edir.
Eyni problem sosial media və reklam formatlarında da görülür. Pixel ölçülərinin, grid strukturunun və fayl çəkisinin düzgün olmaması dizaynın peşəkar görünüşünü zəiflədir.
9. Müştəri ilə düzgün kommunikasiya qura bilməmək
Bir çox dizayner texniki baxımdan güclü olsa da, müştəri ilə yazışma bacarıqları olmadığı üçün gəlirlərini itirir. Xarici platformalar uzun illərdir vurğulayır ki, dizaynerin uğuru 50% vizual bacarıq, 50% kommunikasiya bacarığıdır.
Düzgün brif almamaq, qeyri-müəyyən cavablar vermək, deadline-ları gecikdirmək, dəyişiklikləri aydın izah etməmək bütün bunlar müştərinin gözündə dizayneri qeyri-professional göstərir. Halbuki sadəcə aydın, səliqəli ünsiyyət bir çox problemi başdan həll edir.
Peşəkar dizayner olmaq istedadla yox, düzgün vərdişlərlə başlayır
Qrafik dizayn sahəsindəki səhvlər çox zaman bilik çatışmazlığından yox, diqqətsizlikdən və ya sistemsiz işləməkdən irəli gəlir. Əgər dizayner kompozisiya qaydalarına əməl edir, rəng və şrift seçimlərini şüurlu edir, portfolionu düzgün qurur, müştəri ilə açıq ünsiyyət saxlayır və iş prosesini peşəkar şəkildə idarə edirsə, uğur qaçılmaz olur.