Uşaqlar rəqəmsal mühitdə getdikcə daha aktiv olurlar. Bu, həm imkanlar, həm də risklər deməkdir. Fişinq (phishing), sosial mühəndislik, onlayn şantaj (sextortion), saxta hesablar və məlumat sızmaları ilə illərdir qarşılaşırıq. Aşağıda qeyd edilən məqamlar həm valideynlərə, həm də uşaqlara kibertəhlükəsizlik vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirməyə kömək edə bilər.
Güclü şifrə nədir?
“123456” kimi şifrələrdən istifadə edilməməlidir. Uzun ifadələrdən (passphrase) istifadə olunmalı və iki və ya çoxfaktorlu təsdiqləmə (MFA) standart qayda halına gətirilməlidir. Eyni şifrənin təkrarlanması yolverilməzdir, şifrə menecerindən istifadə olunmalıdır.
Məxfilik necə qorunmalıdır?
Hər yeni tətbiqdə “Məxfilik və Təhlükəsizlik” bölmələri nəzərdən keçirilməlidir. Hesab gizli saxlanmalı, paylaşım dairəsi məhdudlaşdırılmalı, kamera, mikrofon və yerləşmə icazələri yalnız zəruri hallarda aktiv edilməlidir. Bloklama və şikayət (report) vasitələri uşaqlara öyrədilməlidir. Kibertəhlükəsizlik üzrə ətraflı təlimatlar üçün valideynlərin Internet Matters resursuna müraciət etməsi faydalıdır.
Paylaşmazdan əvvəl 3 saniyə düşünmək
CISA (Cybersecurity and Infrastructure Security Agency) -nın “STOP. THINK. CONNECT.” yanaşması çox sadə və tətbiqi rahat bir yanaşmadır. Dayan, düşün, sonra qoşul və paylaş. Naməlum keçidlərə klik edilməməlidir. “Təcili”, “mükafat qazandın” kimi mesajlar fişinqin klassik əlamətləridir. Bu cür mikro-vərdişlər uşaqlarda təhlükəsizlik düşüncəsini formalaşdırır. Uşaqlar tanımadıqları şəxslərdən gələn keçidlərə basmamalı və məlum olmayan tətbiqləri yükləməməlidirlər. Çünki bu, zərərli proqramların və virusların yayılmasına səbəb ola bilər.
Valideynlər üçün əsas qaydalar
Uşaqlarla müntəzəm “internet söhbətləri” aparılmalıdır. Hansı tətbiqlərin onlara uyğun olduğu, kimlərlə ünsiyyət qurmağın faydalı olduğu və hansı oyunların oynanmasının məqbul sayıldığı müzakirə edilməlidir. Açıq dialoq ən güclü kibertəhlükəsizlik müdafiəsidir. Uşaqlar internetdə tanış olduqları hər kəsin real dost olmadığını anlamalıdırlar. Onlara “uşaq” kimi yazan şəxsin əslində böyük biri ola biləcəyi izah olunmalıdır.
Ailədaxili rəqəmsal qaydalar müəyyən edilməlidir: ekran vaxtı, yuxu saatı, paylaşım qaydaları, çoxfaktorlu doğrulama və cihaz kilidi mütləq nəzarətdə saxlanmalıdır. İnternetdə sərf olunan vaxtın tənzimlənməsi həm psixoloji, həm də fiziki sağlamlıq üçün vacibdir. Məsələn, “gündə maksimum 1 saat oyun oynamaq” kimi qaydalar faydalıdır. Həmçinin, ev şəbəkələrimizdə istifadə etdiyimiz bəzi “Wireless-Router” avadanlıqlarında “Parental Control” pəncərəsindən uşaqların telefon və digər avadanlıqlarının internetə çıxış saatlarını, daxil olduqları saytları da limitləmək mümkündür.
Bütün əsas hesablar üçün çoxfaktorlu təsdiqləmə aktiv edilməlidir, şifrə meneceri qurulmalı və eyni şifrədən təkrar istifadə olunmamalıdır. Uşaqlar başa düşməlidirlər ki, şifrələr sadə və asanlıqla tapıla bilən formada olmamalıdır. Məsələn, ad və ya doğum tarixi əsasında şifrə yaratmaq təhlükəlidir.
Tətbiqlərdə məxfilik ayarları uşaqlarla birlikdə tənzimlənməli, artıq icazələr deaktiv edilməlidir. Bu addım şəxsi məlumatların qorunması baxımından əhəmiyyətlidir.Şantaj və ya təhdid hallarında uşaqlar qınanmamalıdır. Onların dinlənməsi və düzgün istiqamətləndirilməsi vacibdir.
Kiberbullinq barədə uşaqlara sadə və anlaşılan şəkildə məlumat verilməlidir. Əgər internetdə onlara pis söz deyilərsə, təhqir olunarlarsa və ya incidilərsə, bunun kiberbullinq adlandığı izah edilməli və bu halda valideynə mütləq məlumat vermələri öyrədilməlidir. Uşaqlar anlamalıdırlar ki, kibertəhlükəsizlik yalnız telefon və ya kompüterin qorunması deyil, həm də internetdə özünü rahat və güvəndə hiss etməkdir. İnternet uşaqlar üçün geniş imkanlar açsa da, düzgün istiqamətləndirilmədikdə ciddi risklər daşıyır. Uşaqların onlayn təhlükəsizliyini təmin etmək üçün ilk və ən güclü müdafiə xətti valideynlərin yaratdığı mühitdir.