Yeni başlayan dizaynerlər hər zaman bu sualla müraciət edirlər. Heç bir təcrübəm olmadığı halda hardan başlasam daha yaxşı olar? Reklam agentliklərindən yoxsa şirkətlərdən? Agentlikdə böyüyən bir insan kimi birmənalı şəkildə əlbəttə ki agentliklərdən başlayın deyirəm. Səbəb:
- Ən əsas məsələ ondan ibarətdir ki, agentlikdə dizayner bir yox, bir neçə müştəri üçün çalışır. Ayrı-ayrı sahələrlə işlədiyi üçün dünyagörüşü artır və bu, peşəsinə də müsbət təsir edir.
- Qısa zamanda geniş müştəri və proyekt portfoliosu əldə edir. Müxtəlif növ dizayn tapşırıqları ilə rastlaşır, müxtəlif insanlarla ünsiyyət qurur və kommunikasiya bacarıqlarını inkişaf etdirir.
- Agentlikdə dizayner hərtərəfli inkişaf edir. Şirkətlərin çoxunda Art direktor, Kreativ direktor olmadığı üçün dizaynerin işi sahədən olmayan insanlar tərəfindən kommentlənir. Sizin işinizə yalnız satış baxımından qiymət verilir. Agentliklərdə isə proses belə olmur. Siz hər zaman sahənin bilənlərinin nəzarəti altında olursunuz. İşiniz həm dizayn, həm də alıcı gözü ilə kommentlənir. Sizə daim düzgün yol göstərilir. Dizayna sənət əsəri kimi yox, yaradıcı və ya düzgün kompozisiya ilə insanları cəlb edən, onlara məhsulu satan, müəyyən mesaj ötürən, problemlərini həll edən reklam kimi baxmaq öyrədilir.
- Fikir bildirmə prosesində obyektivlik qorunur. Hər bir işiniz sadəcə “Xoşuma gəlmir”, “Bu nədir?”, “Bəyənmədim” kimi deyil, “Düşünürəm ki, rəng problemi var”, “Məhsul böyük olsa daha yaxşı olar”, “Mətn hissəsində font seçimləri təklif etsən əla olar” kimi kommentlənir. Yəni, hər bir fikir aydın şəkildə, izahını verməklə, altını dolduraraq təqdim olunur. Bununla siz daha tez inkişaf edirsiniz və növbəti dəfə eyni səhvləri təkrarlamaq faiziniz getdikcə aşağı düşür.
- Agentlikdə dizayner daha məsuliyyətli böyüyür. Daim ciddi deadline-larla işləməli olur. Bu sizin həm işləmə tezliyinizə, həm də qısa zamanda maksimum keyfiyyətli iş çıxarmağınıza səbəb olur.
- Agentlikdə dizaynerin vəzifə yüksəlişi daha tez gedir. Çünki inkişaf tez gedir. Daha çox müştəri, daha çox proyekt, daha gərgin iş prosesi. Bu mühitdə ya inkişaf edirsiniz, ya da dözməyib ümumilikdə sahəni dəyişirsiniz.
- Rutin daha az olur. Əlbəttə ki, bu strukturu düzgün şəkildə qurulmuş agentliklərə aiddir. Düzgün şəkildə işləyən agentliklərdə Art və ya Kreativ direktor dizaynerlər arasında müştəriləri müəyyən zamandan bir rotasiya edir ki, dizayner “burn out” olmasın. Art direktorları Menecer olmayan agentliklərdən belə bir şey gözləməyin. Bu səbəbdən də bu tipli agentliklərdə işçilər tez-tez dəyişir. Çox təəssüflər olsun ki, agentliklərimizdə Yaradıcı menecment getdikcə azalır. Bu mövzuya ayrıca toxunacam.
Ümumilikdə son zamanlar müşahidə etdiyimə əsasən deyə bilərəm ki, yeni başlayan və ya az təcrübəli dizaynerlər rahatlıq üçün müştəri tərəfə yönlənir. Mənə görə bu düzgün bir şey deyil. Səbəbləri isə artıq sadaladım. Rahat işləmək istəyirəm, deadline-lar istədiyim kimi olsun, gördüyüm işə komment gəlməsin, rutin istəmirəm deyirsinizsə sizə iki sözüm olacaq.
- Rahatlıq deyəndə nəyi nəzərdə tutursunuz? Az işləyim, 2 saatlıq işi 2 günə görüm? Heç kim sizin rahatlığınızı əlinizdən almır.
- Təəssüf ki, yaşadığımız dünyada belə bir şey olmur. Hər bir agentlik ona qoyulan öhdəlik qarşısında həm keyfiyyət, həm də zaman baxımında məsuliyyət daşıyır. Bunları düzgün və normal şəkildə yerinə yetirir və xidmət haqqı alır. Bu xidmət haqqından isə sizə və digər əməkdaşlara əmık haqqı verilir.
Nəzərə alın ki, bütün bu proseslər sizin həm dizayner kimi, həm də Soft skills baxımından inkişafınıza gətirib çıxarır. Rahat işləmək istəyirsinizsə öz biznesinizi qurun və əmin ola bilərsiniz ki, orada da rahatçılıq olmayacaq. Çünki nəinki full time, freelance işdə belə bu məqamlarla qarşılaşacaqsınız. Online stock-lara işləyə bilərsiniz amma bu zaman inkişafınız dayanacaq. Heç kim sizin işinizi kommentləməyəcək və elə biləcəksiniz ki, hər şeyi düz edirsiniz. Ona görə məsləhət görərdim ki, stock məntiqini işinizlə paralel aparasınız.
“Agentliklərdə maaş az olur” deyən yeni başlayan dizaynerlərə məsləhətim odur ki, maaşa fokuslanmayın. Əgər gələcəkdə keyfiyyətli kadr olmaq istəyirsinizsə ilkin dövrdə əmək haqqı tərəfini ciddi düşünməməlisiniz. Həm də yeni başlayan dizaynersinizsə qaydaları siz yox, tam olaraq bazar təyin edir. Təcrübə yığın əmin edirəm ki, sizi axtaracaqlar.