Müasir dövrdə vebsaytların və tətbiqlərin hər kəs üçün əlçatan olması vacib amillərdən biridir.
Accessibility (Əlçatanlıq) – istifadəçilərin fiziki və ya texniki məhdudiyyətlərindən asılı olmayaraq məzmunu rahatlıqla istifadə edə bilməsini təmin edir. Bu istifadəçi təcrübəsinin ayrılmaz hissəsidir.
Front-end proqramlaşdırma prosesi zamanı accessibility-nin nəzərə alınması həm istifadəçi bazasının genişlənməsinə, həm də daha istifadəçi dostu məhsulların yaradılmasına imkan yaradır.
Front-end proqramlaşdırmada accessibility nədir?
Front-end proqramlaşdırmada accessibility, vebsaytların və tətbiqlərin əlilliyi olan insanlar da daxil olmaqla, hər kəs tərəfindən istifadəyə yararlı şəkildə hazırlanması deməkdir.
Bizneslər üçün front-end proqramlaşdırmada accessibility bir neçə səbəbə görə olduqca vacibdir:
1. Auditoriyanı Genişləndirmək:
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada bir milyarddan çox insan müəyyən bir əlilliklə yaşayır. Accessibility-ni təmin etməklə, bizneslər böyük auditoriyaya çıxış əldə edə bilər.
2. Hüquqi Tələblərə Uyğunluq:
Bir çox ölkədə vebsaytların əlçatan olması ilə bağlı qanunvericilik mövcuddur. WCAG (Veb Məzmununun Əlçatanlığı üzrə Təlimatlar) kimi standartlara uyğun olmaq biznesləri bu cür hüquqi risklərdən qoruyur.
3. Brend Nüfuzu:
İnklüzivliyə önəm verən şirkətlər cəmiyyət tərəfindən daha müsbət qarşılanır, müştəri sadiqliyi artır və brend imici güclənir. Platformanızı əlçatan etməklə siz biznes olaraq bərabərliyi dəstəklədiyinizi göstərirsiniz.
Front-end əlçatanlıq üzrə ən yaxşı təcrübələr
Rahat və hər kəs üçün əlçatan sayt yaratmaq, yalnız front-end proqramlaşdırmada accessibility qaydalarına əməl etməklə mümkündür.
1. Semantik HTML:
Məzmunun strukturlaşdırılması üçün <header>, <nav>, <article> və <footer> kimi semantik HTML elementlərindən istifadə edin. Bu, ekran oxuyucuları kimi yardımçı texnologiyaların məzmunu düzgün şəkildə şərh etməsinə və təqdim etməsinə kömək edir.
2. Rəng Kontrastı və Oxunaqlılıq:
Mətnin oxunaqlı olması üçün fonla yazı rəngi bir-birindən kifayət qədər seçilməlidir. Bu, xüsusilə də rəngləri ayırd etməkdə çətinlik çəkən insanlar üçün əhəmiyyət daşıyır.
3. Klaviatura ilə Naviqasiya:
Vebsayt tam şəkildə klaviatura ilə naviqasiya oluna bilməlidir. Bunun üçün məntiqli tab sırası və düymələr, keçidlər kimi interaktiv elementlər üçün görünən fokus vəziyyətləri təmin edilməlidir.
4. Media Alternativləri:
Video materiallara altyazılar, audio materiallara isə transkriptlər əlavə olunmalıdır ki, eşitmə problemi olan istifadəçilər də bu məzmuna çata bilsin.
5. Səhv Bildirişi və Təkliflər:
Form sahələrində və ya digər elementlərdə səhv olduqda istifadəçilərə bu barədə aydın və əlçatan şəkildə məlumat verilməlidir. Səhv mesajların bildirişləri təsviri olmalı və problemi necə düzəltmək barədə təkliflər də təqdim etməlidir.
Front-end developer-lər üçün əlçatanlıq alətləri
Front-end developer-lər, hazırladıqları vebsayt və tətbiqlərin əlçatan olduğuna əmin olmaq üçün müxtəlif alətlərdən istifadə edə bilərlər.
1. Axe DevTools:
Brauzer əlavəsi şəklində təqdim olunan bu alət avtomatik olaraq vebsaytınızı əlçatanlıq problemlərinə görə yoxlayır və onları necə yaxşılaşdırmaq barədə təkliflər verir.
2. WAVE (Web Accessibility Evaluation Tool):
WAVE veb məzmununuzun accessibility barədə vizual rəy verir. Bu, səhvləri və təkmilləşdirmə sahələrini müəyyən etməkdə sizə kömək edir.
3. Ekran Oxuyucular (Screen Readers):
JAWS (Job Access With Speech) və ya NVDA (NonVisual Desktop Access) kimi alətlər front-end developer-lərə görmə imkanları məhdud olan istifadəçilərin vebsaytla necə qarşılıqlı əlaqə qurduğunu test etməyə imkan verir.
4. Rəng Kontrast Analizatoru (Color Contrast Analyzer):
Bu alət, front-end developer-lərə mətnin fonla kifayət qədər kontrasta malik olub-olmadığını yoxlamağa kömək edir. Bu, zəif görən istifadəçilər üçün oxunaqlılığı artırır.
Bu accessibility alətlərindən istifadə etməklə front-end developer-lər problemləri daha tez aşkarlayıb həll edə bilər.
Front-end proqramlaşdırmada əlçatanlıq nümunəsi
Front-end development-də accessibility-in necə tətbiq olunduğunu göstərmək üçün bir nümunəyə nəzər salaq:
Bir şirkətin onlayn pərakəndə satış vebsaytı var və orada mürəkkəb bir ödəmə prosesi mövcuddur. Front-end developer-lər görür ki, bəzi maneələr fiziki məhdudiyyətli istifadəçilərin alış-veriş prosesini tamamlamaqda çətinlik yaşamasına səbəb olur.
- Form sahələrinin etiketləri aydın deyil və bu, ekran oxuyuculardan istifadə edən şəxslər üçün məlumatların daxil edilməsini çətinləşdirir.
- Ödəniş düyməsinin fonu ilə mətnin kontrastı zəifdir, bu da zəif görən istifadəçilər üçün onun görünməsini çətinləşdirir.
Bu problemləri həll etmək üçün komanda aşağıdakıları həyata keçirir:
- Semantik HTML tətbiq olunur ki, məzmunun strukturu daha anlaşılan olsun.
- Rəng kontrastı artırılır ki, mətni görmək daha asan olsun.
Nəticədə həm istifadəçi təcrübəsi yaxşılaşır, həm də alış-verişləri tamamlayan istifadəçilərin sayı artır. Bu isə şirkətin satış göstəricilərinə müsbət təsir edir.
İstifadəçi dostu və inklüziv digital məhsullar yaratmaq istəyən bizneslər üçün front-end developer-lərin işə qəbulu çox vacibdir. Çünki, vebin inkişafı davam etdikcə, front-end proqramlaşdırmada əlçatanlılığın əhəmiyyəti daha da artacaq. Accessibility, davamlı diqqət və inkişaf tələb edir. Süni intellekt (AI) kimi müasir texnologiyalar, hər kəsə əlçatan təcrübələr yaratmaq istəyən front-end developer-lər üçün yeni imkanlar yaradır.
Şirkətlər front-end development-də əlçatanlıq üzrə ən yaxşı təcrübələri izləyərək, inklüziv, cəlbedici və uyğun təcrübələr yarada bilərlər. Bu yanaşma həm brend imicini gücləndirir, həm də geniş auditoriyaya çatmağa kömək edir.
Beləliklə, yeni bir vebsayt hazırlayarkən və ya mövcud birini yeniləyərkən, accessibility-in front-end development strategiyanızın mərkəzində yer alması mühüm rol oynayır.