Motion dizayn yalnız gözəl vizuallardan ibarət deyil. Animasiyanın necə hərəkət etdiyi, keçidlərin nə qədər yumşaq olduğu və səhnələr arasındakı ritm də son nəticəyə ciddi təsir edir.
Bunun əsas hissələrindən biri Speed Graph-dan düzgün istifadə etməkdir. Elementləri sadəcə bir nöqtədən digərinə hərəkət etdirmək kifayət etmir. Sürətlənmə və yavaşlamalar düzgün qurulanda animasiya daha təbii və peşəkar görünür.
Xüsusilə səhnələr arasında yumşaq keçidlər yaratmaq vacibdir. Bununla yanaşı, elastik və dinamik hərəkətlər də animasiyaya enerji qatır. Overshoot və bounce kimi kiçik hərəkətlər səhnəni daha canlı edə bilər.
Digər vacib məqam isə vizual müxtəliflikdir. Fərqli keçidlər, kamera hərəkətləri, scale və rotation dəyişiklikləri animasiyanın ritmini maraqlı saxlayır.
Eyni yanaşmanı AI ilə hazırlanan videolara da tətbiq etmək mümkündür. AI videosunu olduğu kimi istifadə etmək əvəzinə, üzərində Time Remapping, Speed Graph və Speed Ramp tətbiq edərək görüntünün ritmini daha dinamik etmək olar. Həmçinin AI videoların üzərinə motion elementləri əlavə etmək videonu daha cəlbedici edə bilər. Text animation, shape, UI elementləri, particles və digər motion qrafikalar AI görüntü ilə birlikdə istifadə olunanda nəticə daha kreativ və fərqli görünür.
Bəzi hallarda AI video 24 FPS olaraq hazırlanır. Əgər layihədə daha yüksək FPS tələb olunursa, Topaz Video AI kimi frame interpolation alətlərindən istifadə edərək kadr sayını artırmaq mümkündür. Lakin FPS-i artırmaq təkbaşına videonu daha yaxşı etmir. Əsas məsələ hərəkətin və ritmin düzgün qurulmasıdır.
Bütün bunlarla yanaşı, düzgün seçilmiş musiqi və səs effektləri də animasiyanın təsirini ciddi şəkildə artırır. Hərəkətləri musiqinin ritminə uyğun qurmaq, keçidlərə və əsas animasiya anlarına uyğun sound effect-lər əlavə etmək videoya daha çox enerji və hiss verir. Vizual və səs bir-birini tamamladıqda animasiya daha bütöv və yadda qalan görünür.
Nəticədə yaxşı motion dizayn bütün bu texnikaların birlikdə işləməsidir: düzgün Speed Graph, yumşaq keçidlər, elastik hərəkətlər, vizual müxtəliflik, düzgün ritm, musiqi və səs effektləri. Bunlar balanslandıqda animasiya sadəcə hərəkət edən qrafika deyil, izləyicinin diqqətini saxlayan canlı vizual təcrübəyə çevrilir.