Təsəvvür edin, bir neçə həftədir iş axtarırsınız. Hər gün vakansiyaları nəzərdən keçirir, uyğun hesab etdiyiniz elanlara CV göndərirsiniz. Bəzən 10, bəzən 20, hətta daha çox müraciət edirsiniz. Bir müddət sonra ümumi say 50-yə, 70-ə, bəlkə də 100-ə çatır.
Amma gözlədiyiniz nəticə yoxdur. Müsahibə dəvətləri ya çox azdır, ya da ümumiyyətlə gəlmir.
Belə olan halda ilk düşündüyünüz nə olur?
“Bəlkə də kifayət qədər vakansiyaya müraciət etmirəm?”
Bu düşüncə ilə daha çox vakansiyaya müraciət etməyə başlayırsınız. Çünki iş axtarışında geniş yayılmış bir yanaşma var: nə qədər çox vakansiyaya müraciət etsəniz, iş tapmaq ehtimalınız da bir o qədər artar.
İlk baxışda bu, məntiqli görünür. Ancaq bir məqamı nəzərə almaq lazımdır: müraciətlərin sayı artır, amma müsahibə dəvətləri artmırsa, dəyişməli olduğunuz məqam müraciət sayı deyil, strategiyanız ola bilər.
Bəs yüzlərlə vakansiyaya müraciət etmək həqiqətən iş tapmaq şansını artırır?
Cavab müraciətlərin sayından çox, onların nə dərəcədə məqsədli və keyfiyyətli olmasından asılıdır.
Çox müraciət etmək, effektiv müraciət etmək demək deyil
İş axtarışı sadəcə CV göndərməkdən ibarət deyil. Hər müraciət təcrübəniz, bacarıqlarınız və vakansiyanın tələbləri arasında uyğunluğu işəgötürənə göstərmək fürsətidir.
Məsələn, bir namizəd gün ərzində 20 vakansiyaya eyni CV-ni göndərə bilər. Lakin CV-də həmin vəzifə üçün vacib olan bacarıqlar, layihələr və nəticələr aydın göstərilməyibsə, müraciətlərin sayının çoxluğu onun uyğun namizəd kimi seçilməsinə kömək etməyəcək.
Bu səbəbdən özünüzə verməli olduğunuz əsas sual“Neçə vakansiyaya müraciət etdim?” deyil, “Neçə uyğun vakansiyaya məqsədli şəkildə müraciət etdim?” olmalıdır.
Hər vakansiyaya eyni CV-ni göndərmək nə dərəcədə doğrudur?
Namizədlər bəzən eyni vəzifə adına malik vakansiyaların tələblərinin də oxşar olduğunu düşünürlər. Halbuki eyni vəzifə adı altında fərqli məsuliyyətlər və gözləntilər ola bilər.
Məsələn, iki şirkət Digital Marketing Specialist axtarır. Bir şirkət üçün əsas tələb sosial media kontentinin hazırlanması və idarə edilməsidir. Digər şirkət isə Meta Ads, Google Ads və analitik hesabatlar üzrə təcrübəyə üstünlük verir.
Hər iki vakansiyaya eyni CV-ni göndərdikdə, müvafiq təcrübəniz olsa belə, onu qarşı tərəfə kifayət qədər aydın təqdim etməyə bilərsiniz.
CV-ni vakansiyaya uyğunlaşdırmaq təcrübənizi dəyişmək və ya sahib olmadığınız bacarıqları əlavə etmək demək deyil. Məqsəd mövcud təcrübənizin vakansiya ilə əlaqəli tərəflərini ön plana çıxarmaqdır.
Bunun üçün:
- Vakansiya elanında vurğulanan əsas bacarıq və tələbləri müəyyənləşdirin.
- Həmin bacarıqlara sahibsinizsə, onları CV-də konkret şəkildə göstərin.
- Vakansiyaya uyğun layihə və nəticələri daha ön plana çıxarın.
- Ümumi vəzifə təsvirlərini konkret təcrübə və nailiyyətlərlə əvəz edin.
- İstifadə etdiyiniz alət və texnologiyaları düzgün adlarla qeyd edin.
- CV-nin təcrübə, bacarıqlar və peşəkar profil bölmələri arasında uyğunluq yaradın.
Bununla yanaşı, bir çox şirkət daxil olan müraciətləri ilkin mərhələdə qiymətləndirmək üçün ATS (Applicant Tracking System) sistemlərindən istifadə edir. Bu sistemlər CV-lərdə vakansiyanın tələblərinə uyğun açar sözləri və ifadələri müəyyənləşdirməyə kömək edə bilər.
Ancaq CV-ni sadəcə açar sözlərlə doldurmaq düzgün yanaşma deyil. Qeyd etdiyiniz hər bir bacarıq real təcrübə, layihə və ya nəticə ilə əsaslandırılmalıdır.
Hər vakansiya sizə uyğun olmaya bilər
Bəzən iş axtarışı zamanı qarşımıza çıxan hər elana müraciət etmək istəyirik. Lakin bu yanaşma həm vaxtımızı, həm də enerjimizi səmərəsiz istifadə etməyimizə səbəb ola bilər.
Müraciət etməzdən əvvəl vakansiyanı diqqətlə nəzərdən keçirin və özünüzə bir neçə sual verin:
- Əsas vəzifə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər bilik və bacarığım varmı?
- Elanın əsas tələblərinin əksəriyyətinə cavab verirəmmi?
- Çatışmayan bacarıqlar qısa müddətdə öyrənilə biləndirmi?
- Bu vəzifə mənim karyera istiqamətimə uyğundurmu?
- Şirkət və iş formatı ilə bağlı şərtlər mənim gözləntilərimə cavab verirmi?
- CV-də bu vəzifəyə uyğunluğumu göstərən konkret təcrübə və ya layihəm varmı?
Əlbəttə, vakansiyada qeyd olunan bütün tələblərə 100% cavab verməməyiniz müraciət etməməli olduğunuz anlamına gəlmir. Çünki bəzi tələblər əsas seçim meyarı, digərləri isə əlavə üstünlük kimi qeyd olunur.
Əsas məsələ vakansiyanın başlıca öhdəliklərini yerinə yetirmək potensialınızı düzgün qiymətləndirməkdir.
Bəs daha effektiv iş axtarışı üçün nə etməli?
İş axtarışında məqsəd mümkün qədər çox CV göndərmək deyil, doğru vakansiyaları müəyyənləşdirmək və hər birinə düşünülmüş şəkildə müraciət etməkdir.
Bunun üçün özünüzə uyğun vakansiyaları seçin, CV-nizi həmin vakansiyaların tələblərinə uyğunlaşdırın və müraciətlərinizi izləyin. Hansı şirkətə, nə vaxt müraciət etdiyinizi, hansı mərhələdə olduğunuzu və aldığınız cavabları qeyd edin.
Bu yanaşma nəticələri təhlil etməyə və ehtiyac olduqda strategiyanızı dəyişməyə imkan verəcək.
Unutmayaq ki, iş axtarışında uğur yalnız neçə vakansiyaya müraciət etməyinizlə deyil, həmin müraciətləri nə dərəcədə düzgün etməyinizlə də bağlıdır. Bəzən 10 məqsədli və düzgün hazırlanmış müraciət 100 standart müraciətdən daha effektiv nəticə verə bilər.