Son iki ildə AI ilə kod yazmağın mənası tamamilə dəyişdi. Əvvəllər brauzerdə sual yazır, cavabı kopyalayıb redaktora yapışdırırdıq. İndi model birbaşa layihənin içində işləyir: faylları oxuyur, dəyişiklik edir, testləri işə salır, commit yaradır.
Claude Code məhz bu kateqoriyanın alətlərindəndir. Amma onunla tanış olanda çoxlarını çaşdıran bir məqam var: Claude Code terminalda işləyən CLI-dır, yoxsa VS Code extension-ı? Desktop tətbiqi? Bəs Cowork nədir?
Bu yazıda hamısını ayrı-ayrı izah edəcəyik: hansı səthlər var, aralarındaki fərq nədir, hansı modellər mövcuddur, paketlər necə qurulub və praktikada nədən başlamaq lazımdır.
Əsas fikir: bir engine, çox səth
Claude Code haqqında bilməli olduğunuz ən vacib şey budur: bu, bir neçə fərqli məhsul deyil. Altında eyni engine dayanır, sadəcə fərqli interfeyslərdə təqdim olunur.
Rəsmi sənədlərdə bu interfeyslərə surface deyilir. Hər surface eyni engine-ə qoşulur, ona görə layihənizin CLAUDE.md faylı, ayarları və MCP serverləri hamısında eyni işləyir. Bir dəfə qurursunuz, hər yerdə tətbiq olunur.
Mövcud səthlər:
- Terminal (CLI): tam funksional komanda sətri interfeysi
- VS Code extension: redaktorun içində qrafik panel
- JetBrains plugin: IntelliJ IDEA, PyCharm, WebStorm və digərləri
- Desktop app: macOS, Windows və (beta) Linux üçün müstəqil tətbiq
- Web: brauzerdə, lokal quraşdırma olmadan
- Mobil: iOS və Android tətbiqləri
- Slack: @Claude ilə çağırış
Seçim imkanlar fərqindən çox iş vərdişindən asılıdır. Gəlin hər birinə baxaq.
Terminal (CLI)
Ən çox istifadə olunan və ən çevik variant budur.
Quraşdırma, macOS, Linux və WSL üçün:
curl -fsSL https://claude.ai/install.sh | bash
Windows PowerShell üçün:
irm https://claude.ai/install.ps1 | iex
Homebrew və WinGet variantları da var:
brew install --cask claude-code
winget install Anthropic.ClaudeCode
Sonra layihə qovluğuna keçib işə salırsınız:
cd your-project
claude
Native quraşdırma arxa fonda özünü avtomatik yeniləyir. Homebrew və WinGet isə yeniləmir, onları özünüz brew upgrade və ya winget upgrade ilə yeniləməlisiniz.
CLI-nin əsas gücü nədir? Unix fəlsəfəsinə uyğun qurulub, yəni pipe edilə, script-ə salına, CI/CD-yə bağlana bilir:
# Log-ları analiz et
tail -200 app.log | claude -p "anomaliya görsən mənə Slack yaz"
# Dəyişmiş faylları review et
git diff main --name-only | claude -p "bu faylları security baxımından yoxla"
Bu, digər səthlərdə mümkün olmayan bir şeydir. Əgər avtomatlaşdırma qurursunuzsa, CLI-dan başqa seçim yoxdur
VS Code extension
Rəsmi sənədlər VS Code istifadəçiləri üçün məhz extension-ı tövsiyə edir, çılpaq CLI-ı deyil.
Quraşdırma sadədir: Cmd+Shift+X (Mac) və ya Ctrl+Shift+X (Windows/Linux) ilə Extensions panelini açıb “Claude Code” axtarırsınız. Tələb: VS Code 1.94 və ya yuxarı versiya, plus ödənişli Claude abunəliyi (Pro, Max, Team, Enterprise) və ya Claude Console hesabı. API key lazım deyil.
Panel redaktorun sağ tərəfində açılır. Giriş nöqtəsi Spark ikonudur, amma diqqət: bu ikon yalnız açıq fayl olanda görünür. Çoxlarının “ikon yoxdur” problemi məhz bundan yaranır.
Extension nə verir:
- Side-by-side diff: Claude-un təklif etdiyi dəyişikliyi qəbul etmədən əvvəl görürsünüz, hətta diff-in içində redaktə edə bilirsiniz
- Plan mode redaktə ilə: Claude planı Markdown sənədi kimi açır, siz şərh yazıb istiqamət verirsiniz
- @-mention: @auth.ts#5-10 kimi konkret fayl və sətir aralığına istinad
- Checkpoints: səhv gedən yerdən geri qayıtmaq. Ya söhbəti fork edirsiniz, ya kodu geri qaytarırsınız, ya hər ikisini
- Paralel söhbətlər: hər biri ayrı tab və ya pəncərədə, öz konteksti ilə
- Permission mode-lar: Auto (klassifikator yoxlayır), Manual (hər dəyişiklik üçün soruşur), Plan (yalnız oxuyur), Edit automatically
Vacib texniki detal: extension özü ilə CLI-nin bir nüsxəsini gətirir, yəni panel işləmək üçün ayrıca quraşdırma lazım deyil. Amma terminalda claude yazmaq istəyirsinizsə, standalone CLI-ı da quraşdırmalısınız, çünki extension claude komandasını PATH-a əlavə etmir.
Nələr yalnız CLI-də var:
| Özəllik | CLI | VS Code Extension |
|---|---|---|
| Bütün komandalar və skills | Var | Bir hissəsi |
| MCP server konfiqurasiyası | Var | Var (/mcp ilə) |
| Checkpoints | Var | Var |
| ! Bash qısayolu | Var | Yox |
| Tab completion | Var | Yox |
Bir maraqlı məqam: extension Cursor-un içində də quraşdırılır. Yəni Cursor istifadə edirsinizsə, Claude Code-u onun içində işlədə bilərsiniz. Digər VS Code fork-ları üçün Open VSX registry var.
İkisi arasında keçid rahatdır, çünki söhbət tarixçəsi paylaşılır. Extension-da başladığınız söhbəti terminalda claude –resume ilə davam etdirə bilirsiniz.
Desktop app
Müstəqil tətbiqdir, macOS və Windows üçün mövcuddur (Ubuntu və Debian-da beta). İçində Claude Code var, ona görə CLI-ı ayrıca quraşdırmağa ehtiyac yoxdur.
Nə verir: diff-ləri vizual review etmək, bir neçə sessiyanı yan-yana işlətmək, təkrarlanan tapşırıqları cədvəllə planlamaq və cloud sessiyalar başlatmaq.
Tətbiqdə üç tab var: Chat, Code və Cowork. Claude Code üçün Code tabına keçirsiniz.
Terminalda işləyən sessiyanı /desktop komandası ilə desktop tətbiqinə keçirə bilirsiniz. Diff-ə vizual baxmaq lazım olanda faydalıdır.
Web və mobil
claude.ai/code ünvanında lokal quraşdırma olmadan işləyir. Əsas istifadə halları: uzun müddət çəkən tapşırıqları başladıb sonra qayıtmaq, lokalda olmayan repo-larda işləmək, bir neçə tapşırığı paralel qaçırmaq.
Web-də başladığınız tapşırığı claude –teleport ilə terminala çəkə bilirsiniz.
Cowork: bu, Claude Code deyil
Burada ən çox qarışdırılan məqama gəlirik.
Cowork ayrı məhsuldur. Claude Code-un eyni təməli üzərində qurulub, amma tamamilə fərqli auditoriya üçündür:
- Claude Code: software engineering üçün, yəni kod yazmaq, debug etmək, deploy etmək
- Cowork: kodla əlaqəsi olmayan knowledge work üçün, yəni araşdırma, analiz, sənəd hazırlamaq, çoxaddımlı tapşırıqlar
Cowork-un məntiqi belədir: nəticəni təsvir edirsiniz, uzaqlaşırsınız, qayıdanda iş hazır olur. Adi chat-dan fərqi odur ki, Claude sizin fayllarınıza real çıxış alır, yəni icazə verdiyiniz qovluqda oxuyur, redaktə edir, yeni fayl yaradır.
Xronologiya: 2026-nın yanvarında desktop-da research preview kimi başladı, aprelə GA oldu, iyulda web və mobilə çıxdı. Tapşırıqlar cloud-da (beta) işləyir, yəni noutbukunuzu bağlasanız da davam edir. Lokal fayl və ya brauzer lazım olanda Claude ona desktop tətbiqi vasitəsilə çatır.
Vacib xəbərdarlıq: Cowork fayl silə bilər. Rəsmi tövsiyə belədir: həssas olmayan məlumatlarla ayrıca qovluq yaradın, maliyyə sənədləri, parollar və şəxsi qeydlərə çıxış verməyin, vacib faylların backup-ını saxlayın.
Developer üçün praktik nəticə: kod yazırsınızsa Claude Code, hesabat, araşdırma və ya sənəd işi görürsünüzsə Cowork.
Modellər: hansı iş üçün hansı?
Claude Code-da model seçimi var və bu, həm keyfiyyətə, həm limit sərfinə birbaşa təsir edir.
Model ailələri (alias-larla seçilir: opus, sonnet, haiku, fable):
- Haiku 4.5: sürətli tier. Axtarış, sadə rename, kod bazasını kəşf etmək. Cavab dərhal gəlir. Subagent-lərlə kod bazasını araşdırmaq üçün ideal.
- Sonnet 5: gündəlik işin əsas modeli. Funksiya yazmaq, kiçik refactor, fayl review, izahat. Əksər işlər üçün bu kifayətdir.
- Opus 5: mürəkkəb agentic coding və enterprise iş üçün. Arxitektura dizaynı, çoxfayllı böyük refactor, çətin bug-ı izləmək, dərin code review.
- Fable 5.1: Anthropic-in geniş buraxılmış ən güclü modeli. Uzun müddətli agentic coding və araşdırma işində Opus-dan da irəli gedir.
Bundan yuxarıda Mythos tier var, amma o yalnız Project Glasswing iştirakçılarına açıqdır.
Effort level az tanınan, amma çox faydalı mexanizmdir. Model dəyişmək əvəzinə modelin nə qədər “düşünəcəyini” tənzimləyirsiniz. Səviyyələr: low, medium, high, xhigh, max. Opus 5 və Sonnet 5-də default high-dır.
Rəsmi tövsiyə maraqlıdır: model dəyişmək yerinə effort tənzimləmək çox vaxt daha yaxşı leverdir. Yəni Sonnet-i high effort-la işlətmək bəzən Opus-a keçməkdən daha səmərəlidir. Haiku effort dəstəkləmir.
opusplan aliası praktik trick-dir. Plan mərhələsində Opus işləyir (arxitektura qərarları üçün), icraya keçəndə avtomatik Sonnet-ə keçir. Beləcə həm keyfiyyətli plan alırsınız, həm limitinizi qoruyursunuz. settings.json-a yazıb hər sessiyada seçim etməkdən qurtulursunuz.
Alternativ variant /advisor-dur: Sonnet icra edir, çətinə düşəndə Opus-dan məsləhət alır.
Paketlər və qiymətlər
Claude Code ayrıca abunəlik kimi satılmır, Claude abunəliyinin içində gəlir.
| Paket | Qiymət | Claude Code | Kim üçün |
|---|---|---|---|
| Free | $0 | Yox | Claude Code daxil deyil |
| Pro | $20/ay ($17 illik) | Var | Fərdi developer, başlanğıc |
| Max 5x | $100/ay | Var | Gündəlik intensiv iş |
| Max 20x | $200/ay | Var | Gün boyu, paralel sessiyalar |
| Team | seat əsaslı | Var | Komanda, mərkəzi billing, SSO |
| Enterprise | seat + usage | Var | Təşkilat səviyyəsi |
| API | token üzrə | Var | Abunəsiz, avtomatlaşdırma |
Anthropic Max tier-lərini token sayı ilə deyil, Pro-ya nisbətlə təyin edir: Max 5x sessiya başına Pro-dan 5 dəfə, Max 20x isə 20 dəfə çox istifadə verir. Hər ikisində modellər və özəlliklər eynidir, fərq yalnız həcmdədir.
Limitlərin necə işlədiyini bilmək vacibdir. İki qat var: 5 saatlıq sürüşən pəncərə və həftəlik limit. Üstəlik Claude Code istifadəniz chat istifadənizlə eyni hovuzdan gedir, yəni brauzerdə ağır bir gün keçirsəniz, kodlama büdcənizi yeyir. Paralel agent sessiyaları limiti bir neçə dəfə sürətli tükədir.
Pro, Max 5x və Max 20x abunəçiləri usage credits aktivləşdirib limitdən sonra da işləyə bilər. Artıq istifadə standart API tarifi ilə hesablanır.
API qiymətləri (1 milyon input və output token üçün):
- Haiku 4.5: $1 / $5
- Sonnet 5: $2 / $10
- Opus 5: $5 / $25
- Fable 5: $10 / $50
Cache read-lər input qiymətinin 0.1 hissəsinə düşür, Batch API-də 50% endirim var. Fable 5.1-də cache read-lər Fable 5-dəki $1-dan $0.25-ə düşdü, bu da uzun kontekstlə işləyən agentlər üçün ciddi qənaətdir.
Anthropic öz sənədlərində API ilə hesablanan Claude Code sərfini aktiv gün başına developer üçün təxminən $13 kimi göstərir. Bu rəqəmlə hesablasanız, gündəlik işləyən developer üçün Max 5x ($100/ay) API-dan ucuz çıxır.
Praktik məsləhət: Pro-dan başlayın. Claude Code sizi gündə bir neçə dəfə limitlə dayandırmağa başlayanda Max 5x-ə keçin. Max 20x-i default kimi götürmək yerinə real qarşılaşdığınız bir problemin həlli kimi düşünün.
Qiymətlər bu yazının hazırlandığı tarixə (sentyabr 2026) aiddir. Bu sahə tez dəyişir, ona görə ödəniş etməzdən əvvəl rəsmi pricing səhifəsini yoxlamaq düzgün olar.
Konfiqurasiya: əsl fərq buradadır
Alətin adından və modelindən daha çox fərq yaradan şey konfiqurasiyadır.
CLAUDE.md
Layihənin kökündə yaratdığınız Markdown faylıdır. Hər sessiyanın əvvəlində avtomatik oxunur. İçinə yazırsınız: komandalar, arxitektura qərarları, kodlaşdırma standartları, üstünlük verilən kitabxanalar, review checklist.
Bunun gücü təkrarlanan səhvlərə qarşı işləməsindədir. Agent nəyi səhv edirsə, düzəlişi CLAUDE.md-yə qeyd edirsiniz və səhv bir daha təkrarlanmır. Faylı git-ə commit edirsiniz, bütün komanda eyni setup-ı alır.
Bir məsləhət: qısa saxlayın. Fayl hər sessiyada tam yüklənir, yəni uzun fayl kontekst büdcəsini yeyir.
Bundan başqa auto memory var. Claude işləyərkən öyrəndiklərini özü saxlayır, siz heç nə yazmadan sessiyalar arası bilik yığılır.
MCP (Model Context Protocol)
AI alətlərini xarici data mənbələrinə bağlamaq üçün açıq standartdır. MCP ilə Claude Code Google Drive-dakı dizayn sənədlərinizi oxuya, Jira-da ticket yeniləyə, Slack-dən data çəkə və ya öz custom alətinizi işlədə bilir.
Nümunə, GitHub-un remote MCP serverini əlavə etmək:
claude mcp add --transport http github https://api.githubcopilot.com/mcp/ \
--header "Authorization: Bearer YOUR_GITHUB_PAT"
MCP konfiqurasiyası CLI ilə extension arasında paylaşılır. Extension-da /mcp yazıb qrafik interfeysdən idarə də edə bilirsiniz.
Skills və hooks
Skills təkrarlanan iş axınlarını paketləyib komanda ilə paylaşmaq üçündür: /review-pr, /deploy-staging kimi.
Hooks Claude Code əməliyyatlarından əvvəl və ya sonra shell komandası işlədir: hər fayl redaktəsindən sonra avtomatik format, commit-dən əvvəl lint.
Subagent-lər və paralel iş
Bir tapşırığın fərqli hissələri üzərində eyni anda işləyən bir neçə agent işlədə bilirsiniz. Lead agent işi bölür, alt tapşırıqları təyin edir və nəticələri birləşdirir.
Tam custom iş axınları üçün Agent SDK var: Claude Code-un alətləri üzərində öz agentinizi qurursunuz, orkestrasiya və icazələr üzərində tam nəzarətlə.
Nədən başlamalı?
Praktik ardıcıllıq:
Birinci gün. CLI-ı quraşdırın, mövcud bir layihədə claude yazın və kod bazası haqqında sual verin: “bu layihənin strukturunu izah et”. Heç nə dəyişdirmir, sadəcə oxuyur, yəni risksiz başlanğıcdır.
İkinci addım. VS Code istifadə edirsinizsə extension-ı quraşdırın. Diff-ləri görmək və planı redaktə etmək öyrənmə mərhələsində çox şey verir.
Üçüncü addım. CLAUDE.md yaradın. Əvvəlcə 10-15 sətir kifayətdir: layihənin nə olduğu, hansı komandalarla işə salındığı, hansı konvensiyalara riayət edildiyi.
Dördüncü addım. Plan mode-u vərdiş edin. Böyük dəyişiklikdən əvvəl Claude-un planını oxuyun, düzəliş verin, sonra icraya buraxın. Bu, sonradan geri qaytarmaqdan qat-qat ucuzdur.
Beşinci addım. Limitlərinizi izləyin. /usage komandası hansı davranışın nə qədər sərf etdiyini göstərir: cache miss, uzun kontekst, subagent-ağır sessiyalar. Bu məlumat modeli və effort-u düzgün seçməyə kömək edir.
Nəticə
Claude Code-un ən çox yanlış anlaşılan tərəfi onun “bir CLI aləti” kimi görünməsidir. Əslində bu, bir engine-in yeddi fərqli interfeysidir və konfiqurasiya hamısında paylaşılır.
Seçim belə qurulur: terminalda rahatsınızsa və avtomatlaşdırma qurursunuzsa CLI, redaktorda qalmaq istəyirsinizsə extension, vizual review və planlanmış tapşırıqlar üçün desktop, kodla əlaqəsi olmayan iş üçün isə Cowork.
Amma ən vacib məsləhət alət seçimi ilə bağlı deyil. Modelə nə qədər kontekst verdiyiniz, hansı modeli seçdiyinizdən daha çox fərq yaradır. CLAUDE.md, MCP və düzgün effort səviyyəsi bir tier bahalı modelə keçməkdən daha çox nəticə verir.
Rəsmi sənədlər: code.claude.com/docs