Code Academy və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Bakıda və regionlarda təşkil etdiyi qısamüddətli peşə təlimləri başa çatıb. Layihə üzrə 19 qrupda ümumilikdə 290 nəfər təlim keçib. Lənkəran və Gəncədə süni intellekt üzrə təlimlərə qatılan 82 iştirakçı isə ümumilikdə 100 beynəlxalq sertifikat qazanıb.
Təlim qruplarından 17-si Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası, 2-si isə «Böyük Qayıdış» proqramı çərçivəsində təşkil olunub. Proqramın məqsədi iştirakçılara əmək bazarında tələb olunan və işdə tətbiq edə biləcəkləri bacarıqlar qazandırmaq olub.
Lənkəran və Gəncədə süni intellekt təlimləri
Süni intellekt üzrə Lənkəran Peşə Təhsil Mərkəzində 4, Gəncə Sənaye və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzində isə 1 qrup təlim keçib. Bu təlimlər regionlarda yaşayan iştirakçılara süni intellekt alətləri ilə tanış olmaq və onları öz peşə sahələrinə uyğun tapşırıqlarda sınamaq imkanı verib.
İştirakçılar süni intellektdən gündəlik işi daha səmərəli görmək, məlumatları təhlil etmək, ideyalar üzərində işləmək və praktiki tapşırıqları yerinə yetirmək üçün istifadə etməyi öyrəniblər. Proqramın sonunda hər biri öyrəndiklərini necə tətbiq etdiyini fərdi layihəsi ilə göstərib.
82 iştirakçı, 100 beynəlxalq sertifikat
Süni intellekt üzrə təlim keçən 82 iştirakçı beynəlxalq təlim proqramlarını tamamlayaraq 100 sertifikat əldə edib. Bu, hər iştirakçıya orta hesabla 1,2 sertifikat deməkdir.
Sertifikatların böyük bir hissəsi HP Foundation proqramları üzrə qazanılıb. İştirakçılar ən çox «AI for Business Professionals», daha sonra isə «AI for Beginners» proqramı üzrə sertifikat əldə ediblər. Onlar strateji planlaşdırma, peşəkar əlaqələrin qurulması və tənqidi təfəkkür üzrə də təlimlər keçiblər. Məzunlar arasında Google, Anthropic və OpenAI-nin təlim proqramlarını tamamlayıb sertifikat alanlar da olub.
Regionlarda texnoloji təhsilə çıxış
Layihədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin strateji yanaşması, yerli peşə təhsil mərkəzlərinin infrastrukturu və Code Academy-nin texnologiya üzrə tədris təcrübəsi bir araya gəlib. Təlimlərin məzmunu əmək bazarının ehtiyaclarına uyğun hazırlanıb. Praktiki tapşırıqlar və beynəlxalq sertifikat proqramları iştirakçılara öyrəndiklərini tətbiq etmək və biliklərini inkişaf etdirmək imkanı verib.
Süni intellekt alətləri artıq idarəetmədə, təhsildə, biznesdə və istehsalatda gündəlik işin bir hissəsinə çevrilir. Regionlarda yaşayan gənclərin və peşəkarların bu alətləri öyrənə bilməsi onların dəyişən iş tələblərinə hazırlaşmasına kömək edir. Code Academy olaraq inanırıq ki, keyfiyyətli texnoloji təhsil ölkənin hər bir regionunda əlçatan olmalıdır. Lənkəran və Gəncədə keçirilən təlimlər bu istiqamətdə atdığımız addımlardan biridir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinə əməkdaşlığa, peşə təhsil mərkəzlərinin rəhbərliyinə və əməkdaşlarına təşkilati dəstəyə, təlimçilərimizə peşəkarlığa görə təşəkkür edirik. Öyrənməyə göstərdikləri marağa və qazandıqları nəticələrə görə bütün iştirakçıları təbrik edirik.
Bu əməkdaşlığı davam etdirməyi və regionlarda daha çox insanın rəqəmsal və texnoloji bacarıqlar üzrə təlimlərə qoşulmasına töhfə verməyi hədəfləyirik.
Code Academy — Gələcək buradadır!