R dili statistik hesablama və qrafik sistemidir. Bu sistem iki hissədən ibarətdir: R dili (adətən insanlar “R” dedikdə bunu nəzərdə tuturlar) və iş zamanı mühit (run-time environment). Python və Java kimi ümumi məqsədli proqramlaşdırma dillərindən fərqli olaraq, R dili xüsusi sahəyə yönəlmiş bir dildir. R dilinin təyinatı və ilkin yaradılmasında məqsəd “məlumat elmləri”-dir (o cümlədən, məlumat təhlili). Onun imkanları, data analitika ilə bağlı məlumat sorğularının verilməsi, məlumat emalı, təhlili, statistik modelləşdirilməsi və vizualizasiyasından daha da kənara çıxır. Bu imkanlara hətta veb və mobil tətbiqlərin (Dashboard) yaradılması və sosial şəbəkələrdə çatbotların yaradılması da daxildir.

R dilinin qısa tarixi
R dili ilk dəfə 1993-cü ildə StatLib data arxivi və s-news e-poçt siyahısı vasitəsilə ictimaiyyətə elan olundu. 1995-ci ildə statistik tədqiqatçı Martin Mächler, R dilinin müəlliflərini dili açıq mənbəli və pulsuz istifadəyə təqdim etməyə razı saldı. Həmin il Ross Ihaka və Robert Gentleman R dilini rəsmi olaraq təqdim edən mühüm elmi məqalə yayımladılar. 1997-ci ildə R Core Team – yəni R dilinin əsas komandası yaradıldı. Bu qrup, dilin mənbə koduna yazma icazəsinə malik olan yeganə komanda idi və R-də edilən dəyişiklikləri nəzərdən keçirib tətbiq edirdi. Həmin ildə Comprehensive R Archive Network (CRAN) istifadəyə verildi. Bu arxiv, R dili üçün açıq mənbəli proqram paketlərini toplayaraq müxtəlif peşəkar sahələrdə istifadəni asanlaşdırdı. 2000-ci ildə R dilinin ilk stabil versiyası – 1.0.0 ictimaiyyətə təqdim edildi. Üç il sonra, 2003-cü ildə R Foundation təsis olundu. Bu təşkilat, R proqram təminatının müəllif hüquqlarını qorumaq və dilin inkişafına dəstək vermək məqsədi daşıyırdı. 2004-cü ildə R 2.0.0 versiyası yayımlandı və ardınca 2009-cu ildə statistik hesablama və tədqiqatlar üçün R Journal adlı açıq girişli jurnal təsis edildi. 2013-cü ildə R dilinin 3.0.0 versiyası, 2020-ci ildə isə 4.0.0 versiyası buraxıldı. Son olaraq, 2023-cü ilin iyun ayına olan məlumata görə, R dilinin ən son versiyası 4.3.1-dir və inkişafı davam edir.
Data Elminin Yüksəlişi
20-ci əsrin sonlarından etibarən dünya analoq sistemlərdən digital texnologiyalara keçid etdikcə məlumatların dəyəri sürətlə artdı. Müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlər rəqabət üstünlüyünü qorumaq üçün müştərilərini daha dərindən tanımaq üçün geniş məlumat bazasına sahib olmalıdırlar. Toplanan böyük həcmli məlumatlar dərin təhlil aparmaq və strateji qərarlar vermək üçün böyük imkanlar yaradır. Lakin bu potensialdan tam yararlanmaq üçün güclü analitik alətlərə ehtiyac var. Bu sahədə geniş istifadə olunan proqramlardan biri R dilidir. Bundan əlavə, Python, SQL, Power BI, Tableau və digər platformalar da data elmi və analitika üçün mühüm vasitələr hesab olunur. Məlumatların içində gizlənmiş dəyərləri aşkara çıxarmaq, düzgün təhlil edib şərh etmək isə data analitiklərin əsas roludur.
Müasir dünyada data analitikasının əhəmiyyəti getdikcə artır və məlumatları oxuyub təhlil edə bilən mütəxəssislərə tələbat yüksəlir. Xüsusilə, data elmi bu gün ən yüksək maaş alan İT sahələrindən biri hesab edilir. Indeed platformasının məlumatına görə, data analitika üzrə mütəxəssislərin illik orta maaşı 120,000 ABŞ dollarından çoxdur.
R dili ilə karyera imkanları
- Data analyst (Data analitik)
- Data scientist (Data elmi üzrə mütəxəssis)
- Statistical engineer (Statistik mühəndis)
- R programmer (R proqramçısı)
- Data architect (Data arxitektoru)
- Database administrator (Verilənlər bazası inzibatçısı)
- Geo statistician (Coğrafi statistika mütəxəssisi)
- Researcher (Tədqiqatçı)
- Business intelligence specialist (Biznes analitikası üzrə mütəxəssis)
- Financial analyst (Maliyyə analitiki)
- Machine learning scientist (Maşın öyrənməsi üzrə mütəxəssis)
- Quantitative analyst (Kəmiyyət analitiki)
- Statistician (Statistik)
R dilinin istifadə olunduğu sahələr və sənayelər
Akademik sahələr
R dili bir çox akademik müəssisədə dominant proqramlaşdırma dili olaraq istifadə olunur. Onun istifadəsi yalnız statistikalarla məhdudlaşmır; müxtəlif növ tədqiqatlar kəmiyyət məlumatlarına, o cümlədən korrelyasiya, eksperimental və təsviri verilənlərə ehtiyac duyur. R dilinin akademik sahələrdə artan istifadəsi və böyük verilənlərin artması ilə əlaqədardır.
2013-cü ildə DataCamp tərəfindən keçirilən bir sorğuya görə, R dilinin təhsildə istifadəsi ilə bağlı, cavab verənlərin 71,1%-i iqtisadiyyat və biznes sahələrində, yalnız 10,5%-i isə kompüter elmlərində təhsil alırdı. Bu da göstərir ki, data bacarıqları bütün sahələrdə mühüm rol oynayır.
Data Elmi
Python ilə yanaşı, R dili data elmi dünyasında mühüm bir dildir. R-in köməyi ilə peşəkarlar həm strukturlu, həm də struktursuz verilənləri modelləşdirə və analiz edə bilərlər. Eyni zamanda, R dilindən maşın öyrənməsi və statistik analiz alətlərinin yaradılması üçün istifadə edirlər ki, bu da onların işlərini asanlaşdırır.
R dili, dataların idxalından analizinə qədər müxtəlif mənbələrdən datalarla işləməyi asanlaşdırır. Bundan əlavə, R sistemi və CRAN kitabxanası geniş məlumat vizuallaşdırma funksiyaları və alətləri təqdim edir ki, bu da mütəxəssislərin tədqiqatlarını asan və oxunaqlı formatda təqdim etməsinə imkan yaradır.
Statistika
R dili statistik proqramlaşdırma dili olduğu üçün statistik hesablama sahəsində ən çox istifadə olunan dilidir.
Bu sahədə işləri dəstəkləyən geniş paketlər mövcuddur, eyni zamanda R dili özündə statistik funksiyalar olan proqram təminatlarını inkişaf etdirmək üçün də istifadə edilə bilər. Məsələn, RStudio kompüter elmləri mütəxəssisi Joe Cheng bir müsahibəsində qeyd edir ki, R ümumi məqsədli bir dil olaraq yeni statistik dillərin tətbiqinə də imkan verir.
Maliyyə
R dilinin çevikliyi və hər cür data analiz tapşırığını yerinə yetirmək bacarığı maliyyə sahəsində onun artan istifadəsinə gətirib çıkarır. ANZ və Bank of America kimi şirkətlər kredit riskini analiz etmək və modelləşdirmək, maliyyə hesabatları hazırlamaq, investisiya portfellərini idarə etmək və daha bir çox tapşırığı yerinə yetirmək üçün R dilindən istifadə edirlər. Maliyyə sahəsində çalışanlar üçün jrvFinance və Rmetrics kimi xüsusi alətlər, məhdud proqramlaşdırma təcrübəsi olan istifadəçilərə maliyyə hesablamalarını yerinə yetirməyə imkan verir.
Sosial Media
Bu günlərdə sosial media platformalarından heç istifadə etməyən birini tapmaq çətindir.
Sosial media həm də böyük bir biznesdir, Meta (Facebook və Instagram) və TikTok kimi şirkətlər istifadəçilərin vərdişlərindən faydalanaraq digər şirkətlərə hədəfli reklamlar təqdim edirlər. R kimi alətlər, sosial media şirkətlərinin topladığı böyük verilənlərdən istifadə edir. Bu, istifadəçiləri maraqlarına uyğun məzmunla cəlb edən alqoritmləri idarə etməyə kömək edir.
Teknoloji infrastrukturunda olan Bank of America, Amazon, Facebook, Google, LinkedIn, IBM, Uber, HP, Ford, The New York Times kimi böyük şirkətlər də R dilindən istifadə edənlər sırasındadır.