AI Software Engineering təliminə başlamazdan əvvəl bəzi bilik və bacarıqlarla tanış olmaq öyrənməni xeyli asanlaşdırır. Bunlar qəbul şərti deyil: hamısı təlimdə öyrədilir. Amma əvvəlcədən tanış olsanız, ilk həftələr daha rahat keçəcək və diqqətinizi daha mürəkkəb mövzulara yönəldə biləcəksiniz.
Təlim boyu AI alətləri ilə sıx işləyəcəksiniz. AI kod yazmağı, səhv tapmağı və yeni texnologiyaları öyrənməyi sürətləndirir. Lakin AI-nin yazdığı kodu başa düşmək, yoxlamaq və lazım gəldikdə dəyişmək üçün aşağıdakı mövzularla ilkin tanışlıq böyük üstünlük verir.
Code Academy-nin AI Software Engineering proqramı məhz bu məntiqlə qurulub. Məqsəd AI-yə kod yazdıran istifadəçi deyil, AI-ni alət kimi idarə edən mühəndis yetişdirməkdir. Belə mühəndis problemi təhlil edir, həlli planlayır, işi AI ilə sürətləndirir və nəticənin keyfiyyətinə görə məsuliyyəti özü daşıyır. Aşağıdakı mövzular bu yola hazırlaşmağınız üçündür.
Qızıl qayda: AI sürəti artırır, amma istiqaməti siz seçirsiniz. Kodu başa düşmürsünüzsə, o kod sizin deyil.
1. Riyazi düşüncə və məntiq
Proqramçı olmaq üçün riyaziyyatçı olmaq vacib deyil. Lakin məntiqi və ardıcıl düşünmək proqramlaşdırmanın əsas bacarıqlarındandır.
- Dəyişənlər və əsas cəbr
- Müqayisələr və məntiqi əməliyyatlar ( && , || , ! )
- Şərtlər
- Problemi hissələrə bölmək
- Addım-addım düşünmək
- Sadə nümunə
Sadə nümunə
int age = 20;
if (age >= 18)
{
Console.WriteLine("Girişə icazə verildi.");
}
else
{
Console.WriteLine("Girişə icazə verilmir.");
}
Burada məntiq sadədir: yaş 18 və ya daha böyükdürsə, girişə icazə verilir; əks halda verilmir. Bu cür düşüncə alqoritmik düşüncənin əsasını təşkil edir.
2. Proqramlaşdırma anlayışları ilə ilkin tanışlıq
Yeni başlayan şəxs ilk mərhələdə dəyişənlər, məlumat tipləri, şərtlər, dövrlər, metodlar, massivlər və siyahılar kimi əsas anlayışları öyrənməlidir.
string name = "Aysel";
int age = 20;
bool isStudent = true;
Console.WriteLine(name);
Burada string mətn, int tam ədəd, bool isə doğru və ya yanlış qiyməti saxlamaq üçün istifadə olunur. Əsas məqsəd sintaksisi əzbərləmək deyil, məlumatın proqram daxilində necə saxlanıldığını və istifadə edildiyini başa düşməkdir.
Adlandırma və təmiz kod
Kodu kompüter üçün deyil, insan üçün yazırıq. Dəyişənin adı onun nə saxladığını deməlidir.
// Pis
int a = 20;
double x = 15.5;
// Yaxşı
int studentAge = 20;
double totalPrice = 15.5;
C# dilində qəbul olunmuş qaydalar:
- Dəyişənlər və metod parametrləri: camelCase (studentAge, totalPrice)
- Siniflər, metodlar və xüsusiyyətlər: PascalCase (Student, CalculateTotal, FirstName)
- Ad qısa olmaqdan çox, aydın olmalıdır: n yox, studentCount
Yaxşı adlandırma həm sizin, həm də AI-nin kodu düzgün başa düşməsinə kömək edir.
Alqoritmik düşüncə və problem parçalama
Böyük tapşırığı bir dəfəyə həll etməyə çalışmaq yeni başlayanlar üçün çətin ola bilər.
Problemi kiçik hissələrə bölmək daha düzgün yanaşmadır.
Məsələn, “Tələbə qeydiyyat sistemi hazırla” tapşırığını belə hissələrə ayırmaq olar:
- Tələbənin adını və soyadını al.
- Yaş və elektron poçt ünvanını al.
- Məlumatları yoxla.
- Məlumatları verilənlər bazasında saxla.
- Nəticəni istifadəçiyə göstər
Böyük problem → kiçik problemlər → konkret tapşırıqlar → kod
Bu yanaşma süni intellektlə işləyərkən də faydalıdır. AI-yə dəqiq və hissələrə bölünmüş tapşırıq vermək nəticəni daha asan idarə etməyə imkan verir. Kod yazmazdan əvvəl addımları kağızda və ya şərh (comment) kimi yazmaq yaxşı vərdişdir.
Kompüterin necə işlədiyi haqqında təsəvvür
Proqramlaşdırmaya başlayan şəxs kompüterin ümumi iş prinsipi haqqında da müəyyən
təsəvvürə malik olmalıdır.
- Bit və bayt
- Yaddaş (RAM) və daimi yaddaş (disk)
- Fayl və qovluqlar
- Əməliyyat sistemi
- Məlumatların saxlanılması
- Məlumat strukturlarının əsasları
Kompüter məlumatı ən aşağı səviyyədə 0 və 1-lər vasitəsilə emal edir: 10101001. 8 bit = 1
bayt.
Başlanğıcda kompüter arxitekturasının bütün detallarını öyrənmək lazım deyil. Əsas məqsəd proqramın kompüterdə necə işlədiyi haqqında ümumi təsəvvür yaratmaqdır.
Problem həlli və xəta analizi
Proqramlaşdırmada xəta ilə qarşılaşmaq tamamilə normaldır. Əsas bacarıq səhvin səbəbini tapmaqdır.
Xətanın iki əsas növü var:
- Kompilyasiya xətası (compile-time): proqram işə düşmədən aşkar olunur. Məsələn,
Console.WriteLine(10 / 0);yazsanız, C# kompilyatoru dərhal CS0020: Division by constant zero xətası verəcək. - İcra zamanı xətası (runtime): proqram işləyərkən baş verir.
int number = 10;
int divisor = 0;
Console.WriteLine(number / divisor); // DivideByZeroException
Bu kod kompilyasiya olunur, amma işə düşəndə DivideByZeroException xətası verir, çünki divisor dəyişəninin qiyməti yalnız icra zamanı məlum olur.
Xəta baş verdikdə proqramçı aşağıdakı sualları verməlidir:
- Xəta hansı sətirdə baş verdi?
- Xəta mesajı nə deyir?
- Mən nə etməyə çalışırdım?
- Problemin səbəbi nədir?
- Problemi necə düzəldə bilərəm?
Xəta mesajını oxumağı bacarmaq proqramçının əsas bacarıqlarından biridir.
Debugger: kodu addım-addım izləmək
Console.WriteLine ilə hər yerə çap əmri yazmaq əvəzinə debugger-dən istifadə edin.
Visual Studio və VS Code-da bu belə işləyir:
- Şübhəli sətrin solunda kliklə breakpoint qoyun (və ya F9).
- Proqramı debug rejimində işə salın (F5).
- Proqram həmin sətirdə dayanacaq. Dəyişənlərin cari qiymətlərinə baxın.
- F10 ilə növbəti sətrə keçin, F11 ilə metodun içinə daxil olun.
Debugger proqramın “daxilinə baxmağa” imkan verir və xətanı tapmağı xeyli sürətləndirir.
Kod oxumaq və testləmə düşüncəsi
AI dövründə kod oxumaq kod yazmaq qədər, bəzən daha çox vacibdir. Siz başqasının, o cümlədən AI-nin yazdığı kodu oxuyub nə etdiyini izah edə bilməlisiniz.
Kiçik tapşırıq: bu kod ekrana nə çıxaracaq?
int total = 0;
for (int i = 1; i <= 4; i++)
{
if (i % 2 == 0)
{
total += i;
}
}
Console.WriteLine(total);
Cavabı kodu işə salmadan, kağız üzərində addım-addım izləyərək tapın. Sonra işə salıb yoxlayın. (Cavab: 6)
Kənar halları yoxlamaq
Proqramın yalnız “normal” məlumatla işləməsi kifayət deyil. Həmişə özünüzdən soruşun: istifadəçi gözlənilməz bir şey daxil etsə nə olar?
- Yaş üçün mənfi ədəd: -5
- Boş ad: “”
- Sıfıra bölmə
- Çox böyük ədəd
- Rəqəm əvəzinə hərf: “abc”
Bu sual AI-nin yazdığı kodu yoxlamaq üçün də əsas alətdir. AI çox vaxt yalnız “xoşbəxt ssenari” üçün kod yazır.
7. Araşdırma bacarığı
Proqramçı hər şeyi əzbər bilə bilməz. Təcrübəli proqramçılar da rəsmi sənədlərdən, axtarış sistemlərindən və texniki mənbələrdən istifadə edirlər.
Məsələn, C# dilində siyahının elementlərinin sayını necə əldə etməyi bilmirsinizsə, belə axtarın: C# List Count property
Vacib olan düzgün axtarış aparmaq və tapılan məlumatın etibarlılığını yoxlamaqdır. Rəsmi sənəd həmişə forum cavabından və ya AI cavabından üstündür.
Vacib olan düzgün axtarış aparmaq və tapılan məlumatın etibarlılığını yoxlamaqdır. Rəsmi sənəd həmişə forum cavabından və ya AI cavabından üstündür.
Faydalı mənbələr
- Microsoft Learn: C# — rəsmi dərsliklər və sənədlər
- .NETAPI sənədləri — sinif və metodların tam izahı
- Stack Overflow — real problemlər və həllər
- Pro Git kitabı — Git üzrə pulsuz, rəsmi kitab
8.Texniki ingilis dili
Proqramlaşdırmada texniki ingilis dilini bilmək böyük üstünlükdür. Sənədlərin, kitabxanaların və texniki forumların böyük hissəsi ingilis dilindədir. Başlanğıc üçün mükəmməl ingilis dili lazım deyil, əsas terminləri başa düşmək kifayətdir.
| English | Azərbaycanca |
| Variable | Dəyişən |
| Method | Metod |
| Class | Sinif |
| Loop | Dövr |
| Array | Massiv |
| Error / Exception | Xəta / İstisna |
| Debug | Xətanı axtarıb düzəltmək |
| Compile | Kompilyasiya etmək |
| Database | Verilənlər bazası |
| Request / Response | Sorğu / Cavab |
| Repository | Repozitoriya (kod anbarı) |
| Commit | Dəyişikliyi qeyd etmək |
| Prompt | AI-yə verilən tapşırıq |
9. Terminal, IDE və Git
Yeni başlayan proqramçı əsas alətləri tanımalıdır: Terminal, Visual Studio və ya VS Code, Git və GitHub.
.NET layihəsi yaratmaq və işə salmaq:
dotnet new console -n HelloApp
cd HelloApp
dotnet run
Git ilə kod dəyişikliklərini qeyd etmək:
git init
git add .
git commit -m "Initial commit"
Başlanğıcda bu alətlərin bütün imkanlarını öyrənmək lazım deyil. Onların nə üçün istifadə edildiyini və əsas əməliyyatlarını bilmək kifayətdir. Terminal bacarığı həm də AI alətləri ilə işləmək üçün vacibdir: Claude Code kimi agentlər məhz terminalda işləyir (aşağıda bax).
10.Təcrübə və səhvlərdən öyrənmək
Proqramlaşdırma yalnız nəzəri biliklərlə öyrənilən sahə deyil. Ən yaxşı öyrənmə üsullarından biri kod yazmaq və onu sınaqdan keçirməkdir.
- Kiçik proqramlar yazın.
- Kodu dəyişdirib nəticəni müşahidə edin.
- Müxtəlif məlumatlarla sınaq aparın.
- Qəsdən səhvlər yaradın və səbəbini tapın.
- Hazır kodu sadəcə kopyalamayın.
- Yazdığınız kodu öz sözlərinizlə izah edin.
Proqramlaşdırma oxumaqla yanaşı, yazaraq və sınaqdan keçirərək öyrənilir.
AI Software Engineering: AI ilə işləmək bacarıqları
1. Dəqiq tapşırıq vermək
Problemi, istifadə olunan texnologiyanı və gözlənilən nəticəni aydın izah edin.
| Zəif prompt | Güclü prompt |
| Kalkulyator yaz | C# dilində konsol kalkulyatoru yaz. İstifadəçi iki ədəd və əməliyyat (+, -, *, /) daxil etsin. Sıfıra bölmədə xəbərdarlıq versin. Ədəd əvəzinə hərf daxil edilərsə, yenidən soruşsun. Kodu yeni başlayan üçün şərhlərlə yaz. |
Güclü promptda dil, proqramın növü, giriş məlumatları, kənar hallar və gözlənilən forma göstərilir.
2. AI cavabını yoxlamaq
AI hər zaman düzgün cavab vermir. Səhv kod, köhnəlmiş yanaşma, mövcud olmayan metod və ya layihəyə uyğun olmayan həll təklif edə bilər.
Real nümunə: AI-dən “ədədin cüt olub-olmadığını yoxla” istənilib və belə kod alınıb:
int number = 7;
if (number / 2 == 0)
{
Console.WriteLine("Cüt ədəddir");
}
Kod kompilyasiya olunur, amma məntiq səhvdir: / bölmə əməliyyatıdır, qalığı % verir.
Düzgün şərt number % 2 == 0 olmalıdır. Bu xətanı yalnız kodu oxuyan və sınayan şəxs tutur.
3. Kodu başa düşmək
AI sizin üçün kod yaza bilər, amma həmin kodun necə işlədiyini başa düşmək sizin məsuliyyətinizdir. Bir sətri izah edə bilmirsinizsə, ondan istifadə etməyin.
4. AI-dən öyrənmək üçün istifadə etmək
AI-dən yalnız kod almaq üçün deyil, izah, nümunə, xəta analizi və alternativ həllər üçün də istifadə edin. Bəzi faydalı promptlar:
- “Bu C# kodunu yeni başlayan tələbəyə sadə dildə izah et və hər sətrin nə etdiyini göstər.”
- “Mənə cavabı vermə, yalnız ipucu ver.”
- “Kodumda səhv var. Harada olduğunu demə, məni ora aparan suallar ver.”
- “Bu həllin alternativini göstər və hansının daha yaxşı olduğunu izah et.”
Cavabı al → Kodu oxu → Məntiqini başa düş → Sına → Nəticəni yoxla
5. “Əvvəl özün cəhd et” qaydası
Öyrənmə mərhələsində hər tapşırığa AI-siz başlayın. Ən azı 15–20 dəqiqə özünüz düşünün, yazın, səhv edin. Yalnız bundan sonra AI-yə müraciət edin. Hazır cavabı dərhal almaq tapşırığı bitirir, amma bacarığı inkişaf etdirmir.
6. Təhlükəsizlik və məxfilik
AI alətinə yazdığınız məlumat sizin kompüterinizdən çıxır. Aşağıdakıları heç vaxt prompt-a yapışdırmayın:
- Şifrələr, API açarları, verilənlər bazası bağlantı sətirləri (connection string)
- Şirkətin icazə verilməmiş məxfi kodu
- Müştəri və ya istifadəçilərin şəxsi məlumatları
7. Claude Code: terminalda işləyən AI agent
ChatGPT və ya Claude söhbət pəncərəsində kod verir, siz isə onu kopyalayıb layihəyə yapışdırırsınız. Claude Code isə birbaşa layihənin içində işləyən agentdir: faylları oxuyur, dəyişiklik edir, əmrləri icra edir və Git ilə işləyir.
Öyrənmə mərhələsində onu müəllim və köməkçi kimi istifadə edin: kodu izah etmək, xətanın səbəbini tapmaq və yazdığınız kodu nəzərdən keçirmək üçün. Tapşırığı sizin əvəzinizə yazdırmaq bacarığınızı inkişaf etdirməyəcək.
Claude Code-un nə olduğu, necə quraşdırıldığı və hansı formalarda işlədiyi barədə ətraflı məlumatı keçid edib oxuya bilərsiniz:
Claude Code nədir? CLI, VS Code, Desktop və Cowork.
Təlimə qədər hazırlıq planı
| Həftə | Mövzu | Praktika |
| 1–2 | Dəyişənlər, tiplər, şərtlər, terminal | Yaş yoxlayıcı, cüt/tək ədəd |
| 3–4 | Dövrlər, metodlar, debugger | Kalkulyator, qiymət yoxlayıcı |
| 5–6 | Massivlər, siyahılar, Git əsasları | Tələbə siyahısı, ilk GitHub repozitoriyası |
| 7–8 | Kiçik layihə, AI ilə kod nəzərdən keçirmə, Claude Code | To-do tətbiqi, AI ilə refaktorinq |
Başlayanlar üçün layihə ideyaları
| Layihə | Səviyyə | Təsvir |
| Yaş yoxlayıcı | ⭐ | İstifadəçinin yetkin olub-olmadığını müəyyən etmək |
| Cüt və ya tək ədəd | ⭐ | Verilmiş ədədin cüt və ya tək olduğunu tapmaq |
| Sadə kalkulyator | ⭐ | Toplama, çıxma, vurma, bölmə və sıfıra bölmə yoxlaması |
| Qiymət yoxlayıcı | ⭐⭐ | Tələbənin balına uyğun nəticə göstərmək |
| Tələbə siyahısı | ⭐⭐ | Tələbələri siyahıda saxlamaq, əlavə etmək, silmək |
| Sadə giriş sistemi | ⭐⭐ | İstifadəçi adı və şifrəni yoxlamaq, 3 cəhd limiti |
| Tapşırıq siyahısı (to-do) | ⭐⭐⭐ | Tapşırıq əlavə et, tamamlandı qeyd et, faylda saxla |
| Bank hesabı simulyasiyası | ⭐⭐⭐ | Balans, pul yatırma, çıxarma, mənfi balansın qarşısını almaq |
Təlimə hazırsınızmı?
Aşağıdakıların çoxunu bacarırsınızsa, təlimə rahat başlayacaqsınız. Hamısını bilmək şərt deyil:
☐ Dəyişən yarada və düzgün tip seçə bilirəm
☐ if / else və dövrlərlə sadə məntiq qura bilirəm
☐ Böyük tapşırığı kiçik addımlara bölə bilirəm
☐ Xəta mesajını oxuyub səbəbini tapa bilirəm
☐ Debugger-də breakpoint qoyub dəyişənlərə baxa bilirəm
☐ Başqasının yazdığı 20 sətirlik kodu izah edə bilirəm
☐ Terminalda layihə yaradıb işə sala bilirəm
☐ Git ilə commit edib GitHub-a göndərə bilirəm
☐ AI-yə dəqiq prompt yaza və cavabını yoxlaya bilirəm
☐ AI-nin yazdığı kodda ən azı bir səhv və ya kənar hal tapa bilirəm
Nəticə
AI Software Engineering təliminə başlamaq üçün hər şeyi əvvəlcədən bilmək lazım deyil. Əsas olan düzgün düşüncə tərzi formalaşdırmaq, problemləri hissələrə bölmək, səhvlərdən qorxmamaq və davamlı praktika etməkdir.
Təlimdən əvvəl ən faydalı hazırlıq bunlardır: məntiqi və alqoritmik düşüncə, problem həlli, əsas proqramlaşdırma anlayışları, kod oxumaq, texniki ingilis dili, terminal və Git-in əsasları, araşdırma və xəta analizi, davamlı praktika və süni intellektdən düzgün istifadə.
Süni intellekt kod yazma prosesini sürətləndirə bilər. Amma yaxşı AI Software Engineer olmaq üçün yazılan kodu başa düşmək, düzgün sual vermək və problemi analiz edə bilmək lazımdır.