Bloq / AI For Everyone / Əvvəlcə beyin, sonra AI

Əvvəlcə beyin, sonra AI

Bu mövzu haqqında son vaxtlar çox düşünürəm. Hər gün AI ilə işləyirəm, AI öyrədirəm və özümə tez-tez bir sual verirəm: bu alətlər bizi güclü edir, yoxsa düşünmə əzələmizi yavaş-yavaş zəiflədir?

Əslində bu hekayə AI ilə başlamayıb. Google-a yaddaşı verdik, GPS-ə istiqaməti. Beyin praqmatikdir nəyi saxlamağa dəyməz hesab edirsə, saxlamır. AI bu dinamikanın davamıdır. Fərq odur ki, əvvəlki alətlərə düşünmənin bir hissəsini verirdik. AI-yə isə düşünməyin özünü verə bilirik: yazını, izahı, mühakiməni.

Son iki-üç ilin elmi tədqiqatlarına baxdım. Media başlıqları qorxuducudur “AI beyninizi çürüdür” tipli yazılar hər yerdədir. Amma elmin göstərdiyi mənzərə başqadır.

AI düşüncəni zəiflətmir. Düşüncəni AI-yə ötürmək zəiflədir. Bu iki şey eyni deyil.

İnsan AI-ni hazır cavab mənbəyi kimi istifadə edəndə tənqidi qiymətləndirmə, yadda saxlama, problem üzərində qalmaq, öz fikrini qurmaq kimi vərdişlər passivləşir. Bu bacarıqlar istifadə olunmadıqca zəifləyir, idmançının buraxdığı məşq kimi. Hər dəfə hazır nəticə alanda düşünmə əzələsi bir az da az işləyir.

Amma AI istiqamət verəndə, səhvi göstərəndə, alternativ fikir yaradanda nəticə tam əksinə olur. Eyni texnologiya. İki fərqli istifadə. İki əks nəticə.

Buradan AI dövrünün ən sağlam prinsipi çıxır: əvvəlcə insan düşünür, sonra AI kömək edir.

İnsan əvvəl mövzu haqqında öz fikrini formalaşdırmalıdır. İlkin strukturu qurmalı, problemi özü anlamalı, harada çətinlik çəkdiyini müəyyən etməlidir. Yalnız bundan sonra AI prosesə daxil olur.

AI ən başdan daxil olanda düşünmə prosesi qısalır. İnsan hazır strukturu qəbul edir, hazır dili mənimsəyir, hazır arqumentlə razılaşır. Nəticə yaxşı görünür amma öz düşüncəsi işləməmiş qalır.

İnsan əvvəl öz versiyasını quranda isə hər şey dəyişir. AI artıq onun yerinə düşünmür, onun düşündüyünü təkmilləşdirir. İnsan həm nəticə alır, həm prosesdən öyrənir.

İkinci vacib bacarıq verifikasiyadır — cavabı yoxlamaq, mənbəni sorğulamaq, məntiqi test etmək. AI çox inandırıcı danışa bilir: cavab strukturlu, aydın, peşəkar görünür. Amma bu, doğru olduğu anlamına gəlmir. Əvvəlki dövrdə əsas bacarıq məlumat tapmaq idi. İndi əsas bacarıq məlumatı qiymətləndirməkdir. Cavabı sorğulamayan insan zamanla texnologiyaya passiv güvənməyə başlayır. Sorğulayan isə əksinə — daha güclü analiz vərdişi qazanır.

Praktikada bu, dörd sadə addımdır:

Əvvəl özün. Mövzunu anla, öz fikrini yaz, sualını formalaşdır.

Sonra AI. Amma hazır cavab yox — istiqamət, tənqid, alternativ, izah istə.

Sonra süzgəc. Cavabı mənbə, məntiq və kontekst baxımından yoxla.

Sonda öz versiyan. AI-nin verdiyi nəticə final deyil, xammaldır — insan düşüncəsi ilə yenidən işlənməlidir.

Bu modeldə AI insanı passivləşdirmir. Əksinə, düşüncəni daha aydın, daha güclü, daha məsuliyyətli edir.

Gələcəkdə fərq AI istifadə edənlə etməyən arasında olmayacaq, AI istifadəsi standart bacarığa çevriləcək. Əsas fərq necə istifadə edənlər arasında olacaq.

Bir qrup AI-ni cavab maşını kimi işlədəcək. Sürətli nəticə alacaqlar, amma düşünmə məsuliyyətini yavaş-yavaş təhvil verəcəklər. Digər qrup AI-ni düşüncə partnyoru kimi işlədəcək yoxlayacaq, dərinləşdirəcək, müqayisə edəcək. Əsl inkişaf bu qrupda olacaq.

Sürətli görünənlə güclü olan eyni adam deyil.

Fərq alətdə yox, ona yanaşmada yaranır.