IT Biznes Analitikin əsas rolu biznes mühitini və bu mühitdə baş verən dəyişiklikləri başa düşməkdir. IT Biznes Analitik, şirkətin maraqlı tərəfləri ilə əlaqə saxlayaraq biznes tələblərini, proseslərini və informasiya sistemlərini təhlil edir. Eyni zamanda, data analitikası vasitəsilə məhsulları, xidmətləri və proqram təminatını təkmilləşdirərək biznesi düzgün istiqamətdə inkişaf etdirməyə kömək edir. Sadə dildə desək, IT Biznes Analitik informasiya texnologiyaları ilə biznes arasında körpü rolunu oynayır.
IT Biznes Analitikin Rolu
IT Biznes Analitik, biznesin ehtiyaclarını daha dərindən başa düşmək və qarşılaşılan çətinliklərə həllər təqdim etmək üçün müxtəlif qruplarla əlaqə qurur.
Bundan əlavə, informasiya texnologiyaları şirkətlərində IT Biznes Analitikin vəzifə və öhdəliklərinə tənzimləyici və hesabat tələblərini anlamaq da daxildir. Aşağıda IT Biznes Analitikin bəzi vacib olan rol və vəzifələrinə nəzər yetirək:
IT Biznes Analitikin vəzifələri
- Layihə üzrə maraqlı tərəflərdən biznes tələblərini toplamaq və onların asılılığını və prioritetinimüəyyənləşdirmək.
- Biznes tələblərini, həll tələblərinə çevirmək və onları sadələşdirərək rəhbərliyin strateji qərarlar qəbul etməsi üçün asan analiz edilə bilən formaya salmaq.
- Müəyyən olunmuş tələblər əsasında həll yolları hazırlamaq, dəyişiklik idarəetməsi (change management) təklifləri vermək və təşkilatın uzunmüddətli məqsədlərinə çatmağa dəstək olmaq.
- Proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq edərək onların tələbləri doğru başa düşməsini təmin etmək.
- Sistem dizaynının düzgün elementlərini, biznes qaydalarını və digər əlaqəli sənədləri təqdim etmək.
- Texniki və arxitektura tələblərini sadə dillə izah edərək, komandanın ehtiyacları və infrastruktur barədə aydın anlayışa sahib olmasını təmin edir.
- Həmçinin, IT Biznes Analitik rəhbərliyə dəyişən biznes modelləri və prosesləri fonunda gələcək ehtiyacları proqnozlaşdırmaqda kömək edir.
IT Biznes Analitik olmaq üçün lazım olan bacarıqlar
Uğurlu IT Biznes Analitik olmaq üçün biznes və texnologiya sahələrini birləşdirən geniş bacarıqlara sahib olmaq vacibdir.
Texniki Bacarıqlar
1. Data Analizi və Vizualizasiya
Biznes tələblərini anlamaq və inkişaf imkanlarını müəyyənləşdirmək üçün məlumat toplama, analiz və izah etmə bacarığı olduqca vacibdir. Planlama, məlumat təhlıili və modelləmə alətləri ilə yanaşı əsaslı kommunikasiya, mediasiya və konfliktlərin idarə edilməsi bacarıqları peşəkar səviyyədə olmalıdır.
2. Proses Modelləşdirmə və Təhlil
IT Biznes analitiklər mövcud biznes proseslərini yaxşı başa düşməli və onları təsvir edərək harada vaxt itkisi olduğunu, nələri avtomatlaşdırmaq və yaxşılaşdırmaq mümkün olduğunu müəyyənləşdirməlidirlər. Bu mərhələdə proses xəritələşdirmə alətləri, məlumat axını diaqramları (DFD) və axın sxemləri (flowchart) kimi metodlardan istifadə faydalıdır.
3. Tələblərin İdarəolunması
ITBiznes Analitikin əsas vəzifələrindən biri IT təşəbbüsləri üçün biznes və texniki tələbləri toplamaq, sənədləşdirmək və idarə etməkdir. Tələbləri müəyyənləşdirmək, izləmək və prioritetləşdirmək üçün Jira, Azure Boards və ya elektron cədvəllər (spreadsheets) kimi alətlərdən istifadə edilə bilər.
Biznes Bacarıqları
1. Problemlərin Həlli və Tənqidi Düşüncə
ITBiznes analitiklər problemləri araşdırır, onların əsas səbəblərini müəyyənləşdirir və real, praktik həllər təklif edirlər. Onlar sübutlara və maraqlı tərəflərin ehtiyaclarına əsaslanaraq effektiv təkliflər vermə bacarığından istifadə etməlidirlər.
2. Ünsiyyət və Təqdimat Bacarıqları
IT Biznes analitiklər nəticələri və həlləri texniki olmayan tərəflərə aydın və cəlbedici şəkildə təqdim etməli, eyni zamanda mürəkkəb texniki anlayışları sadə dillə izah edə bilməlidirlər.
3. Biznes Proseslərinin Təkmilləşdirilməsi
Səmərəliliyi artırmaq və prosesləri sadələşdirmək IT Biznes Analitikin əsas vəzifələrindəndir. Bu sahədə Six Sigma və Lean kimi biznes proseslərinin təkmilləşdirilməsi metodologiyalarını bilmək faydalı ola bilər.
Əlavə Arzuolunan Bacarıqlar
1. Çevik (Agile) Metodologiyaları Anlamaq
Bu gün bir çox IT layihəsi Scrum və ya Kanban kimi çevik yanaşmalardan istifadə edir. Bu metodologiyaları bilmək IT Biznes Analitikə sürətli və dəyişkən mühitlərdə daha çevik işləməyə və komandalarla effektiv əməkdaşlıq etməyə imkan verir.
2. Proqramlaşdırma Dilləri
R kimi proqramlaşdırma dillərində əsas səviyyədə biliklər, xüsusilə data analizi və avtomatlaşdırma işlərində faydalı ola bilər. IT Biznes Analitiklər üçün bu biliklər mütləq olmasa da, əlavə üstünlükdür.
3. Sektor üzrə Biliklər (Domain Knowledge)
IT Biznes Analitiklər çalışdığı şirkətə uyğun spesifik biliklərə sahib olmaq böyük üstünlükdür. Müəyyən bir sahədə (maliyyə, səhiyyə, logistika və s.) məlumatlı olmaq, problemlərin təhlilinə və həll yollarının təklifinə daha dərindən və praktik yanaşmanı təmin edir.